Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Qədir Rüstəmovun 80 illik yubileyi qeyd olunub

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində görkəmli xanəndə, xalq artisti Qədir Rüstəmovun 80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsertdə Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin ailə üzvləri, Xalq artistləri - Mənsum İbrahimov, Canəli Əkbərov, millət vəkili Aqil Abbas iştirak ediblər. Konsert Qədir Rüstəmovun ifa etdiyi "Sona bülbüllər" mahnısı ilə başlayıb.

Daha sonra konsert proqramı xalq artisti Nəzakət Teymurova, gənc xanəndələr Eldəniz Məmmədov, Mustafa Mustafayev və Kamilə Nəbiyevanın çıxışları ilə davam edib.

Qeyd edək ki, Q.Rüstəmov 1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan bir çoxu sənətkarın ifası ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu "Sona bülbüllər", "Apardı sellər Saranı", "Laçın", "Ay dili-dili", "Sarı gəlin" və neçə-neçə digər mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında bir sıra muğam dəstgahları – "Rast", "Çahargah" lentə alınaraq radionun qızıl fondunda saxlanılır.

Qədir Rüstəmov 2011-ci il dekabrın 13-də Türkiyənin İstanbul şəhərində vəfat edib, ikinci Fəxri xiyabanda dəfn olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə