Opera və Balet Teatrında “Trubadur” operası nümayiş olunacaq

Opera və Balet Teatrında “Trubadur” operası nümayiş olunacaq

Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur" operasının tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşada əsas partiyalardan biri olan Leonoranı gənc və istedadlı vokalçı, əməkdar artist Afaq Abbasova, Manriko partiyasını isə əməkdar artist Fərid Əliyev ifa edəcək. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu Nina Makarova isə səhnə əsərində ilk dəfə Azuçena rolunda çıxış edəcək.

Azərbaycan Opera və Balet Teatrının solistləri ilə yanaşı, tamaşada Ukrayna Milli Operasının aparıcı solisti Dmitri Qrişin də çıxış edəcək. D.Qrişin vokalçıların beynəlxalq müsabiqələrinin laureatıdır. O, bir çox Avropa ölkələrində - Macarıstan, İspaniya, Niderland, Almaniya və Şotlandiyada uğurlu qastrol səfərlərində təmsil olunub. Ukraynalı vokalçı tamaşada Qraf de Luna partiyasını ifa edəcək.

Qeyd edək ki, tamaşanın dirijoru beynəlxalq müsabiqələrin və Milli "Humay" mükafatının laureatı Əyyub Quliyevdir.

Bütün xəbərlər Facebook səhifəmizdə