Çoxşaxəli və çoxlaylı mədəniyyətə malik olan Azərbaycan özünün qədim abidələri ilə zəngindir. Müxtəlif mədəniyyətin daşıyıcıları olan bu abidələr Azərbaycan multikulturalizminin çoxlaylı təbəqələrinin köklərində durur. Bu sıraya Alban apostol kilsəsinin məbədləri də aiddir. Alban apostol kilsəsinin nümunələri olan, alban kilsələri erkən orta əsrlərdən başlayaraq Azərbaycan torpaqlarını sıx şəbəkə ilə örtmüş, tariximizin maddi-mədəni irsinin tərkib hissəsi olmuşdur. Son illərdə Azərbaycan multiklturalizminin nümunələrindən olan bu alban xristian abidələri ölkə ictimaiyyətinin diqqətini cəlb etmiş, elmi dairələrdə bu məsələyə diqqət xüsusən artıb.
Azərbaycan tarixinin səhifələrindən olan alban kilsələri haqda əyani məlumat vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qafqaz Albaniyasının intibahı" layihəsi çərçivəsində, noyabrın 7-i 2015-ci ildə Qəbələ rayonuna Azərbaycan Respublikasının bir qrup alim və professor-müəllim heyətinin səfərini təşkil etmişdi. Qəbələdə, rayon Mədəniyyət Mərkəzinin qarşısında AMEA və ali məktəblərimizdə çalışan tarixçi, etnoqraf, arxeoloq alimlər, tələbə könüllülər, "kultura+" ın çəkiliş qrupu yerli ictimaiyyətin nümayəndələri tərəfindən səmimiyyətlə qarşılandı. Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Abil Ağasəfov qonaqları salamladı. Bölgə sakinlərinin, Azərbaycan tarixinin erkən orta əsrlər dövr tarixinin araşdırılmış problemlərinin, maarifləndirilməsi məqsədi ilə Qəbələ ekskursiyasının qrupu ilə Mərkəzdə "dəyir-mi masa" keçirildi. Rayonun tanınmış ziyalılarının iştirakı ilə keçən bu görüşü rayon icra hakimiyyəti başçısının müavini– ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova və respublikanın tanınmış arxeoloq alimi Mü-bariz Xəlilov aparırdılar. Görüş zamanı Bilik Fondunun ölkədaxili layihələr sek-torunun müdiri Hacı Abdulla, Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin son bir ildə "Qafqaz Albaniyasının İntibahı" layihəsi istiqamətində görülmüş geniş miqyaslı işlərindən və bu məsələnin öyrənilməsinin elmi-tarixi, siyasi, mənəvi əhəmiyyətindən danışıb.
Qəbələ rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nargilə Qafarova diqqətə çatdırdı ki, hazırda Qəbələdə, Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa təşəbbüsü və himayəsi altında Qafqazda ən böyük və zəngin açıq səma altında Azərbaycan tarixi muzeyi inşa edilir və Milli Elmlər Akademiyasının tanınmış alimlərindən, Koreyalı mütəxəssislərdən bir qrup burada çalışır. Dəyirmi masada çıxış edən Qəbələ şəhər 2 saylı tam orta məktəbin direktoru, Bilik Fondunun rayon nümayəndəsi Təranə Səlimova Azərbaycan tarixinin antik və orta əsrlər dövrünün daşıyıcısı olan Qafqaz Albaniyasının öyrənilməsi və təbliği istiqamətində Qəbələdə görülən işlərdən, rayon ziyalılarının, tarix, dil, ədəbiyyat müəllimlərinin üzərinə düşən vəzifələrdən danışaraq, milli-mənəvi dəyərlərimizə, köklərimizə, əsrlərin sirdaşı abidələrimizə, tarixi yaddaşımıza qayıdışdan yoğrulan bu görüşün uzun müddət hafizələrdə yaşayacağını bildirdi.
Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, respublikanın əməkdar mədəniyyət işçisi Xalis Məmmədov dəyirmi masa iştirakçılarının diqqətinə ötən əsrin son otuzilliyində erməni millətçilərinin apardığı məkrli siyasətindən danışdı. Azərbaycan tarixini saxtalaşdırmaq və tarixi yaddaşımıza zərbə endirmək məqsədi ilə erməni lobbisinin təhriki ilə Qəbələnin qalıqları üzərində SSRİ silahlı qüvvələrinin hərbi hissəsini inşa etmək barədə SSRİ Nazirlər Sovetində təsdiq olunmuş qərarının Ulu öndər H.Əliyevin çox böyük cəsarət və uzagörənliklə ləğv etdirməyə nail olduğunu bildirərək, Moskvada lövbər salmış erməni lobbisinin Qafqaz Albaniyası tarixinin canlı yadigarı olan qədim Qəbələ abidələrinin özününküləşdirmək istəklərinin qarşısını ala bildiyini göstərdi.
Canlı diskussiya şəraitində keçən dəyirmi masada Qəbələ ekskursiyasının alim və professor-müəllim heyəti rayon ziyalılarının çoxsaylı suallarına cavab verdilər. Ra-yon sakinləri öz çıxışlarında tanınmış albanşünas - tədqiqatçıların fikirlərindəki ziddiyyətli məqamlardan bəhs edərək, tariximizin bu mühüm dövrü ilə bağlı vahid elmi-tarixi konsepsiyanın olmadığını vurğuladılar. Bu istiqamətdə aparılan maarifləndirmə işlərinin sistemli, davamlı olmasının məqsədəuyğunluğunu göstərdilər. Tədbir iştirakçıları maraqlı müzakirə və diskussiya ab-havasına söykənən dəyirmi masanın Qəbələnin ictimai həyatında əhəmiyyətli bir hadisə kimi qiymətləndirdilər. Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru X. Məmmədovun qonaqları Azərbaycan tarixinin çoxsaylı maddi mədəniyyət nümunələrinin toplanıb saxlandığı muzeyə dəvəti də razılıqla qarşılandı. Ekskursiya Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində davam etdi. Muzey Qəbələ rayonu ərazisində eneolit dövründən başlayaraq, müasir dövrümüzə qədər geniş xronoloji çərçivəni əhatə edən abidələrin eksponatları ilə zəngin idi. Səfər iştirakçıları muzeydə yenicə açılmış AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Qafqaz Albaniyası tarixi dövrünün görkəmli tədqiqatçısı, tanınmış arxeoloq, Qəbələ torpağının yetirməsi professor Qara Əhmədovun (1928-2003) xatirəsinə həsr edilmiş xüsusi guşənin də ilk seyrçiləri oldular.
Ekskursiya qrupu sonra Qəbələ rayonunun Nic qəsəbəsindəki Cotari albanudi kilsəsinə yollandı. Burada paytaxtdan gələn qonaqları qəsəbə sakinləri, Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi çərçivəsində keçirilmiş görüşlərdə iştirak etmiş müəllim və şagirdlər qarşıladılar. Cotari kilsəsinin ekskursiyasına tarix üzrə fəlsəfə doktoru, respublikada tanınmış alim-arxeoloq Mübariz Xəlilov bələdçilik edirdi. Bələdçi Alban Apostol kilsəsinin nümunələrindən olan Cotari kilsəsi haqda maraqlı məlumat vermiş və səfər iştirakçılarına bildirmişdi ki, 2002-ci ildə bərpa işləri başa çatmış və 2006-cl ildə açılan bu kilsə, arxeoloqların fikrincə, XVII əsrdə Müqəddəs Yelisey məbədinin yerində inşa edilib.
Azərbaycanın maddi-mədəni irsinin nümunələrindən olan alban kilsələrinin öyrənilməsi Azərbaycan muktikulturalizminin çoxlaylı səhifələrinin oxunmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu istiqamətdə işləri davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB