Azərbaycanda turizm sahəsinin davamlı inkişafı və işgüzar turizmin təkmilləşdirilməsi istiqamətində çalışan Azərbaycan Konqreslər Bürosu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) növbəti illik toplantısında iştirak edir. SİA-nın məlumatına görə, İCCA-nın 54-cü illik konqresi cari ilin 1-4 noyabr tarixlərində Argentinanın Buenos-Ayres şəhərində keçirilir.
Bu beynəlxalq assosiasiyaya 2014-cü ilin yanvarından üzv olan Azərbaycan Konqreslər Bürosunu tədbirdə Büronun icraçı direktoru Florian Sengstschmid təmsil edir.
Konqresdə cənab Sengstschmid Büronun ölkəmizdə biznes turizminin inkişafı sahəsində gördüyü işlər, həmçinin Assosiasiya Görüşlərinin Bakıda keçirilməsi ilə bağlı məlumat verib.
Tədbirdə Azərbaycan Konqreslər Bürosu ilə yanaşı İCCA-nın ölkəmizdəki digər üzvü Heydər Əliyev Mərkəzi də iştirak edir.
Xatırladaq ki, İCCA dünyanın turizm və görüşlər sahəsində fəaliyyət göstərən ən nüfuzlu təşkilatlarından biridir və onun üzvləri sırasına dünyanın 90 ölkəsində fəaliyyət göstərən 1000-dən çox beynəlxalq Görüşlər Sənayesi bazarı təmsilçiləri daxildir.
Təşkilatın əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçıları və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən təşkilatları bir araya gətirmək və dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını daima yeniləməkdir.
Azərbaycan Konqreslər Bürosu 2013-cü ilin sonlarında Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanı beynəlxalq tədbirlərin keçirilməsi üçün inkişaf edən məkan kimi təbliğ və təqdim etmək, beynəlxalq tədbirlərdə iştirak və s. bu kimi biznes əhəmiyyətli işlərin həyata keçirilməsi məqsədilə yaradılıb.
Hazırda Büro dünyanın müxtəlif ölkələri ilə işləyir, hədəf bazarlarla yaxın əlaqə qurur, bazar iştirakçılarını ölkəyə cəlb etmək və bütün maraqlı Görüşlər Sənayesi bazarı iştirakçıları ilə əməkdaşlıq etmək üçün beynəlxalq konqres və seminarlarda iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB