Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası özünün antik yaşayış məskənləri ilə dıqqəti cəlb edir. Bilik Fondundan verilən məlumata görə, Azərbaycan arxeologiyasının uğurlarını geniş auditoriyanın diqqətinə çatdırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Qafqaz Albaniyasını öyrənirik" layihəsi çərçivəsində müxtəlif ali məktəblərdə təhsil alan bir qrup tələbənin Ağcabədi rayonuna səfərini təşkil edib. Ekskursiyada azərbaycanlı tələbələrlə yanaşı, ali məktəblərimizdə təhsil alan Türkiyə, Polşa, İtaliya, Ukrayna, Pakistan, Qazaxıstan gəncləri də iştirak edib.
Antik və orta əsrlərə (e.ə.III – b.e.-nın XIII əsrinin əvvəllərinə) aid şəhər məskəni olan Qalatəpə məbədinə ekskursiyaya bələdçilik edən AMEA Arxeologiya və etnoqrafiya İnstitutunun "Çöl tədqiqatları" sektorunun müdiri, tarix üzrə fəlsəfə doktoru Təvəkkül Əliyev tələbələrə qədim abidə barədə məlumat verib. Alim bildirib ki, Ağcabədi rayonunun Salmanbəyli kəndindən 3,5 km şimal-qərbdə, Qarqarçayın sağ sahilində yerləşən, Azərbaycanın qədim dövr tarixinə aid Qalatəpə yaşayış məskənində arxeoloji tədqiqatlar zamanı aşkar edilən nekropoldan tapılan artefaktlar Azərbaycanın qədim əhalisinin – albanların Ellin-Roma aləmi ilə sıx əlaqələrini üzə çıxarıb, arxeoloji qazıntıların əhəmiyyətini təsdiqləyib.
Tələbələrin çoxsaylı suallarını cavablandıran təcrübəli arxeoloq bu yaşayış məskəninə məxsus olan antik nekropolda 14 küp və 3 torpaq qəbrin tapıldığını, bu qəbirlərdən alban tayfalarının gündəlik həyatını, məşğuliyyətini, dünyagörüşünü əks etdirən faktiki materialların aşkar edildiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB