“Paytaxtdan bölgələrə” adlı yeni layihənin həyata keçiriləcək

“Paytaxtdan bölgələrə” adlı yeni layihənin həyata keçiriləcək

Son illər rayonların mədəniyyət mühitini yeni ideyalarla canlandırmaq üçün çoxsaylı respublika, beynəlxalq səviyyəli festivallar keçirilir, bir çox şəhərlər müxtəlif meyarlara görə mədəniyyət paytaxtları seçilir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, Bakı şəhərində "Bölgələrdən paytaxta" adlı layihəyə start verilib. İndiyə qədər Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki, və Şəmkirin mədəniyyət kollektivlərinin proqramları Bakı şəhərinin ən nüfuzlu tamaşa salonlarında göstərilib.

İndi isə nazirlik tərəfindən "Paytaxtdan bölgələrə" adlı Azərbaycan milli mədəniyyəti və incəsənətinin bütün sahələrini əhatə edən yeni bir layihənin həyata keçirilməsinə başlanılıb. Layihənin əsas məqsədi bölgələrdə yaşayan insanları müasir mədəni proseslərə cəlb etmək, paytaxtın aparıcı muzey və qalereyalarında qorunub saxlanılan mədəniyyət incilərinin bölgələrdə nümayişini, görkəmli sənətkarların və kollektivlərin çıxışlarını təşkil etmək, bölgələrin mədəni həyatını canlandırmaqdan ibarətdir.

İlk tədbir olaraq 2015-ci ildə "Azərbaycanın Ədəbiyyat Paytaxtı" elan edilmiş Şamaxı şəhərində "Milli İncəsənət Muzeyinin kolleksiyasından Azərbaycanın ədəbiyyat korifeyləri" adlı sərginin təşkilini məqsədəuyğun saydıq. Sərgidə Azərbaycanın görkəmli rəssamları Səttar Bəhlulzadə, Tahir Salahov, Nəcəfqulu, Mikayıl Abdullayev, Oqtay Sadıxzadə, Qəzənfər Xalıqov və Sadıq Şərifzadə tərəfindən fırçaya alınmış xalqımızın dahi şair və yazıçıları Nizami, Xaqani, Fizuli, Nəsimi, Molla Pənah Vaqif, M.F.Axundzadə, Mirzə Şəfi, Natəvan, Mirzə Ələkbər Sabirin portretləri nümayiş olunacaq.

Sərginin açılış mərasimi 2015-ci il 29 oktyabr tarixində saat 14.30 da Şamaxı şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Şamaxı rayon İcra Hakimiyyətinin, yaradıcı ittifaqların rəhbərləri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə