Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında xalq artisti, tanınmış teatr və kino aktyoru Süleyman Ələsgərovun anadan olmasının 100 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, əvvəlcə yubiley iştirakçıları sənətkarın yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.
Tədbirdə çıxış edən Xalq artistləri Tariyel Qasımov, Yasin Qarayev, Əməkdar Artist Almaz Mustafayeva və başqaları sənətkarın həyat və yaradıcılığından geniş söz açıblar. Bildirilib ki, aktyorun yaradıcılığının düz 63 ili Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Onun bir növ ömür yolunun bələdçisi olan bu teatr S.Ələsgərovu xalqa sevdirib, burada fəxri adlara, mükafatlara layiq görülüb. Onun bu teatrda yaratdığı rolları saymaqla qurtaran deyil. Polad ("Qızıl quş", Mirmehdi Seyidzadə), Fərzəli bəy ("Nəsrəddin", Yusif Əzimzadə), Aqşin ("Babək", Əbil Yusifov), Müşavir ("Qarlar Kraliçası" , Yevgeni Şvarts) və digər rolları ona böyük şöhrət qazandırıb. Süleyman Ələsgərov təkcə Azərbaycan dramaturqlarının əsərlərində deyil, Avropa və rus klassiklərinin əsərlərində də maraqlı rollar yaradıb. Onun maraqla baxılan rolları sırasında Eldostu ("Çiçəkli dağ", Məmmədhüseyn Təhmasib), Hacı Nuru və Molla Salman ("Molla İbrahimxəlil kimyagər", Mirzə Fətəli Axundzadə), Valentin və Pontolone ("İki ağanın bir nökəri", Karlo Haldoni), Molla Səfi və Hacı Qəmbər ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Lorenso ("Romeo və Cülyetta", Uilyam Şekspir), Yaşar ("Yaşar", Cəfər Cabbarlı) və s. qəhrəmanları da var.
Diqqətə çatdırılıb ki, S.Ələsgərov "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan bir çox filmlərdə epizodik rollarda çəkilib. "Yenilməz batalyon", "Babamızın babasının babası" "Bakıda küləklər əsir", "Bəxtiyar", "Bir ailəlik bağ evi", "Bir cənub şəhərində", "Xatirələr sahili", "İnsan məskən salır", "İstintaq davam edir ", "Torpaq. Dəniz. Od. Səma" və digər filmlərdə o, epizodik rollar yaratsa da, onları sevdirə bilib. Həmçinin S.Ələsgərov bir neçə televiziya tamaşasında, televiziyanın müxtəlif əyləncə proqramlarında özünəməxsus obrazlar yaradıb.
Qeyd edək ki, sonda görkəmli sənətkarın çəkildiyi filmlərdən kadrlar nümayiş olunub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB