Milli mətbəximiz Daşkənddə mükafat aldı FOTOLAR

Milli mətbəximiz Daşkənddə mükafat aldı FOTOLAR

Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Xarici ölkələrlə mədəni əməkdaşlıq üzrə Dostluq Cəmiyyətləri Şurasının təşkil etdiyi və hər il ənənəvi olaraq keçirilən "Tassano-2015" xalqların Mətbəx festivalında xarici ölkələrin səfirlikləri və mədəniyyət mərkəzləri iştirak ediblər. SİA-nın məlumatına görə, Azərbaycan üçün ayrılmış guşədə Azərbaycan Səfirliyi və Səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ölkəmizin milli mətbəxini əks etdirən xörəklər, şirniyyatlar, habelə milli suvenirlər, milli kəlağayılar, Azərbaycanın turizm resurslarına dair nəşrlər nümayiş etdirilib.

Tədbirin rəsmi açılışında çıxış edən Dostluq Cəmiyyətləri Şurasının icraçı direktoru Kəmaləddin İşıdxocayev tədbirin əhəmiyyətindən danışmış, festivalın xalqların öz mədəniyyətlərini, milli mətbəxlərini nümayiş etdirmək üçün əlavə imkanlar verdiyini qeyd edib.

Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev Azərbaycan stendi tanış olub. Qeyd edək ki, iştirakçılar Azərbaycan stendində milli xörəklərimiz olan plov, dolma, kükü, dovğa, müxtəlif qutablar, habelə şirniyyatlar - şəkərbura, paxlavalara qonaq ediliblər. Milli stendimizdə həmçinin Azərsun firmasının istehsal etdiyi müxtəlif növ çaylar, qəndlər, yağlar nümayiş etdirilib.

Festival çərçivəsində təşkil olunan konsertdə müxtəlif ölkələri təmsil edən rəqs və musiqi qruplarının çıxışı olub. Azərbaycan Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəqs ansamblı "Uzundərə", "Yallı" milli rəqslərimizi ifa etmiş və Azərbaycan qızlarının çıxışı böyük maraqla qarşılanıb.

Festivalın sonunda iştirakçı dövlətlərin təqdim etdiyi milli mətbəx nümunələrinə münsiflər heyəti tərəfindən baxış keçirilib və qaliblər təltif olunub.

Azərbaycan Səfirliyi və onun Mədəniyyət Mərkəzi münsiflər heyətinin xüsusi mükafatı ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə