Əbülfəs Qarayev jurnalistləri təbrik edib

Əbülfəs Qarayev jurnalistləri təbrik edib

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Milli Mətbuatı Günü münasibəti ilə jurnalistləri təbrik edib. Məktubda deyilir:

22 iyul – Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə Sizi və sizin şəxsinizdə Azərbaycan jurnalistlərini, ölkəmizin kütləvi informasiya vasitələrində çalışan bütün əməkdaşları təbrik edirəm.

Mətbuat cəmiyyətin aynası, ictimai həyatın, şahidi olduğu tarixi proseslərin əksi, milli dünyagörüşünün, mənəviyyatın inikasıdır. Bu baxımdan 140 illik yubileyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatının zəngin salnaməsi ictimai fikir tariximizin, xalqımızın mədəni və mənəvi irsinin mühüm bir hissəsini təşkil edir. Milli mətbuatımızın 1875-ci ildə görkəmli maarifpərvər alim və mütəfəkkir Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə başlanan yeniləşmə, çağdaş mədəni təfəkkür xətti sonrakı dövrlərdə digər mətbu nümunələrimiz tərəfindən davam etdirilərək xalqımızın milli oyanış prosesində, istiqlal arzularının gerçəkləşməsində dərin iz qoymuşdur. Bu yolda tarixi xidmətlər göstərmiş mətbuat xadimlərimizi, fədakar ziyalılarımızı hər zaman dərin hörmət hissi ilə xatırlayırıq.

Azərbaycan mətbuatı müstəqillik dövründə böyük inkişaf yolu keçərək ölkəmizin ictimai-siyasi, mədəni həyatında, demokratik inkişaf, vətəndaş cəmiyyəti quruculuğu prosesində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynayır. Öz növbəsində Azərbaycan dövləti kütləvi informasiya vasitələrinə hər zaman dəstək verir, jurnalistikamızın, milli informasiya resurslarının inkişafına zəruri şərait və zəmin yaradır. Ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" 2 iyun 2015-ci il tarixli Sərəncamı jurnalistika tariximizə diqqətin, kütləvi informasiya vasitələrinə və media mənsublarına qayğının daha bir təzahürüdür.

Biz, Mədəniyyət və Turizm Nazirliyi olaraq, mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, mədəni irsimizin, incəsənətimizin, ölkəmizin turizm imkanlarının təbliğində, dünyaya tanıdılmasında medianın rolunu yüksək qiymətləndiririk. Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə bir daha Sizi və bütün jurnalistlərimizi Mədəniyyət və Turizm Nazirliyinin kollektivi adından təbrik edir, cansağlığı, uzun ömür, çətin və şərəfli işinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə