Valeri Kərimovun 70 illik yubileyi keçiriləcək

Valeri Kərimovun 70 illik yubileyi keçiriləcək

Mayın 27-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinooperatoru və kinorejissoru Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilir. Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış kinooperator və kinorejissor Valeri Kərimov operator sənəti baxımından özünəməxsus üslubu ilə seçilən sənətkarlarımızdan biri olub. O, professional kinooperator kimi 30-a qədər film çəkib. V.Kərimov çəkdiyi filmlərdə Azərbaycanın zəngin təbiətini, gözəl guşələrini tərənnüm etmiş, ələlxüsus xalqımızın özünəməxsus xüsusiyyətlərini qabarıq şəkildə göstərməyə çalışıb.

V.Kərimov bir neçə il kinostudiyada işıqçı, operator assistenti işləmiş, 60-cı illərin sonunda Moskvaya gedərək ÜDKİ-nin kinooperatorluq fakültəsinə daxil olmuşdur.

Kinostudiyada gənc operatorun ilk böyük işi 1974-cü ildə çəkdiyi "Çarvadarların izi ilə" bədii televiziya filmidir. Elə həmin il operator "Ömrün səhifələri" kinoalmanaxında iki novellanı lentə alıb: "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi". Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər vardır: "Alma almaya bənzər", "Yuxu", "De ki, məni sevirsən", "Qaladan tapılan mücrü", "Arxadan vurulan zərbə", "Qorxma, mən səninləyəm", "Qızıl uçurum", "Yarımçıq qalmış mahnı", "Ailə", "Sizi dünyalar qədər sevirdim","Bir ailəlik bağ evi", "Ötən ilin son gecəsi", "Sürəyya" və s.

Sovet İttifaqı Qəhrəmanı, təyyarəçi A.Quliyev "Sizi dünyalar qədər sevirdim" filmi ilə bağlı demişdir: "Filmin yaradıcıları Belarusiyada, qarlı çöllərdə, çoxsaylı hərbi texnika ilə mürəkkəb çəkilişlər aparmışlar. Bunlar heç bir kadrda butaforiya kimi görünməyib. Döyüş səhnələri Valeri Kərimov tərəfindən yaxşı çəkilib..."

V.Kərimov son vaxtlar özünü rejissorluq sahəsində də sınamış və "Həmyerli" bədii filminə quruluş vermişdir. Azərbaycanın Kinematoqrafçılar İttifaqının katibi olan V.Kərimov bu sahədə də səmərəli iş aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə