Bəstəkarlar İttifaqında 31 Mart soyqırımının qurbanları anılıb FOTOLAR

Bəstəkarlar İttifaqında 31 Mart soyqırımının qurbanları anılıb FOTOLAR

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının konfrans salonunda "31 Mart azərbaycanlılarının soyqırımı" gününə həsr olunan anım tədbiri keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Bəstəkarlar İttifaqının katibləri Sərdar Fərəcov, Zemfira Qafarova, bəstəkarlar Azər Dadaşov, Ruhəngiz Qasımova, media nümayəndələri və başqaları iştirak ediblər.

Əvvəlcə 31 Mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov bildirib ki, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər unudulmayıb: "1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücum etdilər. 1918-ci ildə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istədiklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd göstəriblər. Bakı Kommunası 1918-ci ilin martında cinayətkar planı həyata keçirməyə başlayır. Təxminən 7 min erməni əsgəri müxtəlif cəbhələrdən Bakıya gətirilir. Bu müsəlmanlara qarşı, xüsusilə azərbaycanlılara qarşı milli soyqırımı, Azərbaycanın milli istiqlalına xəyanətkar sui-qəsd idi. Həmin soyqırımı zamanı 12 mindən çox günahsız azərbaycanlı qanına qəltan edildi. Azərbaycan müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edildi. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər açıldı, təhrif edilən hadisələr əsil qiymətini aldı. Ümummilli lider Heydər Əliyev 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Biz heç zaman sözügedən soyqırımla yanaşı, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri unutmamalıyıq".

Üzeyir Hacıbəylinin ev muzeyi fondnun müdiri Aytən Heydərova da söz alaraq 31 mart azərbaycanlıların soyqırımının bir illiyi münasibəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin məqaləsini təqdim edib.

Qeyd edək ki, tədbirin sonunda əməkdar incəsənət xadimi Abdulla Qurbaninin eyniadlı əsəri əsasında Azad Zahidin bəstələdiyi "Xocalı yol gözləyir" rekviem kompozisiyası, Hüseyn Cavidin yazdığı, Sərdar Fərəcovun bəstəsi olan "Qaçqın" ballada-mahnı və Şəmsəddin Qasımovun "Xocalı" mahnısı səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə