Baharın gəlişini müjdələyən, xalqımızın qədim tarixə malik milli bayramı olan Novruz bayramı bu il də təntənəli şəkildə qeyd olunur. SİA-nın verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklor tariximizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı geniş qeyd olunacaq. Ənənəvi olaraq martın 19-da paytaxtda Novruzla bağlı ümumxalq şənliyi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək bayram mərasimlərinə Azərbaycanın 30-a yaxın bölgəsi də öz bayram sovqatları, mədəni irsi, bar-bərəkəti, mətbəxi ilə qatılacaq.
Bu gün Novruz tədbirinin növbəti məşqi keçirilib.
Bayram şənliyi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindən başlayaraq Dənizkənarı bulvar boyunca davam edəcək. Qız qalasının yanından başlanan mərasimin proqramı maraqlı görüntülərlə yadda qalıb. Novruz personajları Kosa və Keçəlin iştirakı ilə səhnəciklər, müxtəlif mədəniyyət təşkilatları - teatrlar, musiqi kollektivləri, tanınmış incəsənət ustaları, folklor qrupları, aşıqların çıxışları tədbiri izləyənlərə əsl bayram ovqatı bəxş edəcək.
Budəfəki Novruz tədbirində bir sıra yeniliklər də olacaq.
Bu il iyunun 12-dən 28-dək ilk dəfə Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunlarının təbliği münasibətilə bulvar boyunca müxtəlif səhnələr nümayiş etdiriləcək. Gənclər və İdman Nazirliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə layihəsi çərçivəsində ölkəmizin idman federasiyalarını təmsil edən stendlər quraşdırılacaq və idmançılar bu stendlərdə öz bacarıqlarını göstərəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB