Daşkənddə ədəbi əməkdaşlıq müzakirə olunub

Daşkənddə ədəbi əməkdaşlıq müzakirə olunub

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov və Cəmiyyətin sədr müavini İsroil Şamsimuxammedovla görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Özbəkistan - Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi ötən ilin iyun ayında Azərbaycana səfərləri barədə xoş təəssüratlarını bölüşmüş, səfər müddətində Bakı və Gəncədə faydalı görüşlər keçirdiklərini, ölkəmizin qısa müddətdə qazandığı böyük uğurların şahidi olduqlarını bildiriblər.

Səfərin təşkilində göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkür ediblər.

Azərbaycan və Özbəkistan şəhərləri arasında "Qardaşlaşmış şəhərlər" layihəsinin həyata keçirilməsi, Özbəkistanda olduğu kimi Azərbaycanda da Özbək Mədəniyyət Mərkəzinin yaradılması, Özbəkistanda tanınmış azərbaycanlı, Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllimi olmuş, şair, pedaqoq Maqsud Şeyxzadənin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın turizm məkanlarının təbliği, 2015-ci ildə Naftalana təşkil olunması nəzərdə tutulan müalicəvi infoturun təşkili məsələləri müzakirə olunub.

Sonda, ötən müddət ərzində birgə həyata keçirilən tədbirlər və 2015-ci ildə reallaşdırılacaq layihələr müzakirə olunmuş, iki ölkə arasında humanitar, xüsusi ilə mədəni əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə