Nyu-York şəhərində III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Beynəlxalq İşçi Qrupunun iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan nümayəndə heyəti, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Koventri Universitetinin Sülh, Etimad və Sosial münasibətlər İnstitutunun nümayəndələri iştirak edib.
İclası BMT-nin Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nassir və mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq dünyada mühüm beynəlxalq qurumları bir yerə toplayan yeganə təşəbbüs kimi Bakı Prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq səviyyədə mədəniyyətlərin və dinlərin dialoquna, etimadın yaranmasına xidmət etdiyini bir daha qeyd ediblər. Nazir bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən Forumdan gözləntilər böyükdür və bu qlobal tədbir müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələri üçün mehriban birgə yaşama və dialoq mədəniyyətinin inkişafında irəliyə doğru mühüm addım olacaq.
Daha sonra işçi qrup öz işini BMT-nin Sivilizasiyalar Alyansının sözçüsü Nihal Saad və Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadənin həmsədrliyi ilə davam edib. Forumun hər bir tərəfdaş beynəlxalq qurumunun nümayəndəsi təmsil etdikləri təşkilatın təklif və təşəbbüslərini bildirib.
Ümumilikdə Forum çərçivəsində BMT-nin 2015-ci ildən sonrakı inkişaf gündəliyi, mədəniyyət, din və ekstremizm meylləri, turizm, miqrasiya, təhsil, mədəniyyətlərarası bacarıqların təşviqi, insan təhlükəsizliyi, gənclər və sosial media, mədəniyyət və mədəniyyətlərarası dialoq şəhərləri, multikulturalizm və digər bu kimi mövzularda plenar və işçi sessiyaların təşkili, beynəlxalq qurumlar və hökumətlər arasında əməkdaşlıq sinerjisinin gücləndirilməsi üçün layihələrin irəli sürülməsi nəzərdə tutulur.
İşçi qrupun görüşündə tədbirin yekun proqramının cari ilin fevral ayının 15-ə kimi başa çatdırılması qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB