Yeni il şənlikləri keçirilir

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə Yeni il şənlikləri keçirilir. SİA-nın verdiyi məlumata görə, hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilir. Bu proqram balacalar üçün qurulan və əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldir. Bər-bəzəkli sarayda rəqslərə qoşulan, mahnılar ifa edən, məharətlərini göstərən, möcüzələrə heyrət edən uşaqların sevinci hədsizdir. Həmçinin şənlikdə, Şaxta baba, Qar qız, cizgi film və nağıl qəhrəmanları ilə birgə maraqlı proqram təşkil olunub. Bu şənlikdə tanınmış sənətçilərin, sevimli nağıl və cizgi filmləri qəhrəmanlarının bir-birindən maraqlı çıxışları məhz onlara ünvanlanıb. Hər il olduğu kimi, bu dəfə də balacalar onların sevimlisi Şaxta babanın ətrafına toplaşıblar. Şaxta baba uşaqlarla sevinc və fərəhini bölüşür, onlarla səmimi söhbət edir.

Bayram şənliyi üçün hazırlanan musiqili kompozisiyada peşəkar estrada ulduzları ilə yanaşı, uşaq kollektivləri də maraqlı proqramla çıxış edirlər. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar şənlik iştirakçılarında gözəl əhval-ruhiyyə yaradır. Səhnəciklər, oynaq, şux mahnılar, rəqslər bayram tədbirini daha da rəngarəng edir. Uşaqlar üçün klounlar tərəfindən əyləncəli şou, müxtəlif oyunlar və viktorinalar keçirilir.

Qeyd edək ki, qış nağılını xatırladan sarayda uşaqlar bayram ərəfəsində sevimli qəhrəmanların əhatəsində olur, onlarla birlikdə şənlənirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə