“Euronews” kanalı ilə MTN arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

“Euronews” kanalı ilə MTN arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub

Son bir neçə il ərzində Mədəniyyət və Turizm Nazirliyi dünyanın ən məşhur xəbər kanallarından biri olan "Euronews" kanalı ilə uğurlu əməkdaşlıq aparır. Təkcə Avropa ölkələri deyil, habelə Asiya, Afrika və Amerika ölkələri daxil olmaqla dünyanın 150 ölkəsində 300 milyondan çox auditoriyaya malik olan "Euronews" kanalı haqlı olaraq aparıcı beynəlxalq xəbər kanallarından biri hesab edilir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə "Euronews" kanalı arasındakı əməkdaşlıq çərçivəsində bu kanal təkcə bizim ölkənin turizm və mədəniyyət potensialının reklamının yayımlanması ilə kifayətlənmir. Son illər ərzində marketinqin səmərəli vasitələrindən biri də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda keçirilən mühüm mədəniyyət və digər tədbirlərə həsr edilmiş müxtəlif verilişlərin hazırlanması olmuşdur. Tədbirlərin xarakterindən asılı olaraq müvafiq format seçilir və buna uyğun olaraq zəruri məlumatlar təqdim edilir.

Bununla da 2014-cü ildə "Euronews" kanalında Novruz bayramı, Qəbələ festivalı, Caz festivalı, Üzeyir Hacıbəyli festivalı və Beynəlxalq teatr konfransına həsr edilmiş "Le Mag" verilişləri efirdə yayımlanıb.

Bununla yanaşı, "Euronews" kanalının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində "Life" verilişləri hazırlanıb ki, bu verilişlərdə Naftalan müalicəvi nefti, Azərbaycandakı etnik müxtəlifliyin göstəricisi kimi Nic və İvanovka kəndləri, dövlətin ölkədə yaşayan etnik azlıqlara göstərdiyi qayğı və Azərbaycan hökumətinin apardığı mədəniyyətlərarası dialoq siyasətindən bəhs edilib.

2015-ci ilin iyun ayında Bakıda I Avropa oyunlarının keçirilməsi münasibətilə Azərbaycanda aparılan hazırlıq işləri barədə Avropa ictimaiyyətini məlumatlandırmaq məqsədi ilə "Euronews" kanalı "Focus" proqramının xüsusi buraxılışını hazırlamışdır ki, bu buraxılış adıçəkilən əhəmiyyətli tədbirin hazırlıq prosesinə həsr edilmişdir. Kanalda göstərilən süjetdə qısa zaman ərzində müvafiq idman infrastrukturunun tikintisi ilə bağlı əldə edilən nailiyyətlər xüsusi vurğulanıb.

"Euronews" kanalı ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlıq çərçivəsində Azərbaycana həsr edilmiş müxtəlif mövzularda verilişlərin yayımlanmasından başqa, kanalda müntəzəm olaraq Azərbaycanın mədəniyyət və turizm potensialı ilə əlaqədar reklam kampaniyaları, həmçinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil edilən tədbirlər daxil olmaqla, ölkəmizdə keçirilən müxtəlif mədəniyyət və idman tədbirlərinə həsr edilmiş kampaniyalar işıqlandırılır.

Telekanalın rəsmi saytı mövcuddur və burada Azərbaycanın kiçik baneri yerləşdirilib. 2014-cü ilin fevral - dekabr ayları ərzində bu baner vasitəsilə 57 620 istifadəçi www.azerbaijan.travel vebsaytına daxil olub. Ümumilikdə isə bu müddətdə sayta daxil olan 8 milyona yaxın insanda Azərbaycan haqqında rəy formalaşdırılıb.

Beləliklə, "Euronews" kanalı ilə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın əsas məqsədi təkcə Azərbaycan üçün kanalın auditoriyasını turist qismində cəlb etmək deyil, həmçinin xarici vətəndaşların ölkəmizin mədəniyyəti, beynəlxalq tədbirlərin keçirilməsində Azərbaycanın uğurları, hökumətin ictimaiyyətin bütün sferalarına, iqtisadi və mədəni həyatının inkişafına köklənmiş siyasəti ilə bağlı maarifləndirmə səviyyəsini artırmaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə