Qırğız şairi Azərbaycanda anıldı

Bu gün M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə görkəmli qırğız şairi, ozanı və bəstəkarı Toktoqulun anadan olmasının 150 illiyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Milli Kitabxananın direktoru Kərim Tahirov, Yazıçılar Birliyinin sədri Anar Rzayev, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, dövlət və hökumət nümayəndələri, media işçiləri və başqaları iştirak ediblər.

Tədbirdə kitabxananın direktoru Kərim Tahirov TÜRKSOY tərəfindən reallaşdırılan layihələrdən söz açıb: "Təşkilat ənənəvi olaraq hər il türk dünyasının böyük şəxsiyyətlərinin yubileylərini qeyd edir. Bildiyiniz kimi, TÜRKSOY 2014-cü ili "Toktoqul Satılqanov ili" elan edib. Bu, qırğız ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığının daha geniş coğrafiyada tanınmasına təkan verib".

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxşında belə tədbirlər müxtəlif xalqlara məxsus düşüncə adamlarının tanınmasına, təbliğinə böyük töhfə verdiyini söyləyib: "Biz belə ədiblərin beynəlxalq səviyyədə yubileylərini müstəqilliyin bizə verdiyi imkanlar daxilində qeyd edirik. Bu, olduqca yaxşı bir ənənədir. Çünki gələcək nəsillər bu simaları tanımalıdırlar".

Tədbirdə Toktoqul Satılqanovun həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub.

Qeyd edək ki, konfrans çərçivəsində TÜRKSOY tərəfindən nəşr edilmiş "Toktoqul Satılqanov. Seçilmiş əsərləri" və Türkiyə Respublikasının Əskişəhir Valiliyi tərəfindən beş dildə çap olunmuş "Toktoqul. Şeirə, nəğməyə çevrilən ömür" kitablarının təqdimatı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə