9-13 dekabr 2014-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Milli İncəsənət Muzeyində Əməkdar rəssam Siruz Mirzəzadənin 70 illik yubileyinə həsr olunmuş fərdi yaradıcılıq sərgisi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, S.Mirzəzadə 1944-cü ildə Bakıda anadan olub. 1966-cı ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1972-ci ildə Moskva Ali rəssamlıq məktəbini bitirib. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Yaradıcılığa 1970-ci illərdən başlayan rəssam istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində fəal işləyir və bu iki fəaliyyət sferaları onun yaradıcılığında vəhdət təşkil edir. Əməkdar rəssam S.Mirzəzadə Azərbaycan rəngkarlıq məktəbinin tanınmış nümayəndəsi kimi müasir təsviri sənətimizin zənginləşməsində xüsusi payı və xidmətləri olan rəssamlardandır. S.Mirzəzadə öz yaradıcılığında ənənə ilə müasirliyin, milli bədii təfəkkürlə beynəlmiləl bədii düşüncə tərzinin maraqlı sintezini yaradıb.
Uzunmüddətli bədii fəaliyyəti dövründə təkrarsız üsluba malik rəssam çoxsaylı əsərlər yaratmış, 1972-ci ildən etibarən respublika, ümumittifaq və beynəlxalq sərgilərdə mütəmadi olaraq iştirak edərək, bir çox mükafatlara layiq görülüb. 1987-ci ildə Bakıda və Moskvada, 1995-ci ildə Fransada və Türkiyədə fərdi sərgiləri keçirilib. 1996-cı ildə Humay mükafatına, 2002-ci ildə isə Azərbaycanın Əməkdar rəssamı fəxri adına layiq görülüb.
Əsərləri Azərbaycan, Rusiya, İran, Türkiyə, Almaniya, Hollandiya, Norveç, Fransa, Kuba, Ruminiya, Bolqarıstan, Macarıstan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, ABŞ, İtaliyada nümayiş etdirilib. Onun əsərləri muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.
Hal-hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB