Çinar meşələri məhv olur AÇIQLAMA

"Azərbaycanın dilbər guşələrindən biri Zəngilanda Çinar meşələrini hazırda erməni qəsbkarları tərəfindən vəhşicəsinə qırılır". Bunu SİA-ya açıqlamasında meşəçi Əlləzir Vəliyev söyləyib. Bildirib ki, Qarabağda 260 min hektardan artıq meşələr ermənilərin əsarəti altındadır: "Bütün dünyada yeganə çinar meşəsidir ki, təbii halda Zəngilan rayonunda bitir. Azərbaycana deyil, bütün Avropa təbiətinə məxsus olan nadir incidir. Bu meşəlik məhv edilərsə, neçə əsrlər lazımdır ki, yenidən bərpa edilsin. Odur ki, erməni ekoloji terrorunun qarşısını almaq üçün bütün Avropa birliyi maraqlı olmalıdır. Belə bir meşəni məhv edən erməni işğalçıları beynəlxalq məhkəmədə cavab verməlidirlər. Bütün dünyada təbii varlıqlar mövcud beynəlxalq konvensiyalarla qorunur. Azərbaycan Respublikası bio müxtəlifliyin bitki genetik ehtiyatlarının qorunması barədə beynəlxalq konvensiyaların tələblərinə dönmədən əməl edir. Belə olduğu halda bizim bitki genetik ehtiyatların qorunub-saxlanmasına beynəlxalq ictimaiyyətin laqeyd yanaşması, ermənilərin ekoloji terroruna biganəlik yolverilməzdir. Aydındır ki, bu ərazilər əsarət altında olduğuna görə, hər hansı işlərin görülməsi mümkün deyil. Bununla əlaqədar olaraq Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatına məktublar göndərib. Sərvətlərimizin, meşələrimizin məhv olunmasının qarşısını düşünürəm ki, torpaqlarımız azad olunduqdan sonra ala bilərik".

Qeyd edək ki, Zəngilan rayonu 30 oktyabr 1993-cü il ermənilər tərəfindən işğal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə