Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfəri başa çatıb

Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfəri başa çatıb

Azərbaycanın Almaniyada turizm nümayəndəliyi olan "Aviareps Tourism GmbH" şirkətinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycana turistlərin cəlb olunması üçün Almaniyanın aparıcı turizm şirkətləri ilə ölkəmizdə fəaliyyət göstərən turizm şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi və turizm imkanlarının tanıdılması məqsədilə cari ilin 24 - 31 avqust tarixlərində Almaniyanın aparıcı turizm şirkətlərinin nümayəndələri ölkəmizdə tanışlıq səfərində olublar.

Bakıda olduqları müddətdə bir sıra brend mehmanxanalarla, "JW Marriott Absheron Baku", "Fairmont Baku", "Hyatt Regency Baku", "Jumeirah Bilgah Beach", "Kempinski hotel Badamdar" və "Four Seasons Baku" mehmanxanaları ilə yaxından tanış olublar. Bununla yanaşı "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunu, "Dövlət Tarix Memarlıq Qoruğunu, "Şirvanşahlar Sarayı" Kompleksini, Qız Qalasını, Qobustan Milli Tarix Bədii Qoruğunu, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu və s. tarix mədəniyyət abidələrini ziyarət ediblər.

Səfər çərçivəsində qonaqlar paytaxt Bakı ilə yanaşı Qəbələ, Şəki, Naftalan, Göygöl və Gəncəyə səfər etmiş və bu regionların turizm potensialı ilə yaxından tanış olublar.

Cari ilin 31 avqust tarixində info-tur iştirakçıları Bakıdan Almaniyaya yola düşüblər.

Qeyd edək ki, hər iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və Azərbaycanın turizm potensialının tanıdılması çərçivəsində cari ilin 03 - 07 sentyabr tarixlərində Almaniyanın MİCE (işgüzar) turizm nümayəndələrinin və 25 - 30 sentyabr tarixlərində tanınmış KİV nümayəndələrinin ölkəmizə səfəri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə