Qəbələ VI Beynəlxalq Musiqi Festivalı

Qəbələ VI Beynəlxalq Musiqi Festivalı

Son illər Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən çoxsaylı mədəniyyət layihələri Azərbaycan mədəniyyətinin inkişafı və təbliğini yeni, yüksək bir səviyyəyə qaldırılıb. SİA-nın verdiyi xəbərə görə, YUNESKO tərəfindən bəşər mədəniyyətinin incisi elan edilmiş Azərbaycan muğamına həsr olunmuş Beynəlxalq Muğam Festivalları böyük maraqla qarşılanaraq, dünyada geniş əks-səda doğurub.

Bu günlərdə Heydər Əliyev Fondunun daha bir möhtəşəm beynəlxalq layihəsi - ənənəvi VI Qəbələ Beynəlxalq Musiqi festivalı başlanır. Qəbələ şəhərində 23 iyul - 1 avqust tarixlərində keçiriləcək Festivala Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçiləri, bədii kollektivləri, solistləri, dirijorları təşrif buyuracaqlar. Festivalda Rusiya, Türkiyə, Cənubi Afrika, ABŞ, Kanada, Fransa, Avstriya, İsrail, Ukrayna, Koreyadan dünya şöhrətli dirijorlar, musiqiçilər və kollektivlər - İohannesburq Filarmonik orkestri, İsrail "Brass kvintet", "Kiyev solistləri" milli kamera orkestri, Vyana Akademik Orkestri solistləri, Tel-Əviv baleti, Oksana Yablonskaya, Dmitri Yablonski, Yulian Raxlin, Gil Şohat, Tatyana Şafran, Çen Zimbalista, Janna Qandelman, Mira Avad və başqaları iştirak edəcəklər. Festival konsertlərində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri, xalq artistləri Fərhad Bədəlbəyli, Rauf Abdullayev, Murad Adıgözəlzadə, Yalçın Adıgözəlov, Yeganə Axundova, Əli Əsgərov, əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov, əməkdar artistlər Gülnaz İsmayılova, Fəridə Məmmədova, Səbinə Əsədova, Sahib Paşazadə, beynəlxalq müsabiqələr laureatları Yusif Eyvazov, Azər Rzazadə, Kamran Ömərli, istedadlı gənc solistlər, muğam ifacıları və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə