Azərbaycan Konqreslər Bürosunun Rəhbər Komitəsi növbəti iclasını keçirib

Azərbaycan Konqreslər Bürosunun Rəhbər Komitəsi növbəti iclasını keçirib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu və tərəfdaşları Büronun Rəhbər Komitəsinin ikinci iclasını keçirib. SİA-nın məlumatına görə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini cənab Nazim Səmədov 10 iyul tarixində Hilton Baku mehmanxanasında keçirilən bu iclasa sədrlik edib. İclas Büroya üzv olan mehmanxana və turizm fəaliyyəti ilə məşğul olan şirkət rəhbərlərini bir araya gətirib. Görüşdə həmçinin nazirliyin turizm departamentinin direktor müavini Rauf Paşayev də iştirak edib.

İclas zamanı son altı ay ərzində Büro tərəfindən Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın MİCE turizm istiqaməti kimi təşviqi, beynəlxalq tədbirlərdə iştirak və s. sahələrdə həyata keçirilən işlər müzakirə olunub, həmçinin ilin ikinci yarısında görüləcək tədbir və planlar da nəzərdən keçirilib.

Büro ilin ikinci yarısında bir sıra nüfuzlu tədbirlərdə iştirak etməyi planlaşdırır. Bunlardan biri 9-13 noyabr tarixlərində Berlində keçiriləcək M&I Rusiya və Şərqi Avropa Forumu olacaq. Büro noyabr ayında, Barselonada rusiyalı alıcılara yönəlmiş işgüzar tədbirdə də iştirak edəcək. Tədbir EIBTM - biznes turizmi sahəsində konfrans, seminar və görüşlərin təşkili üzrə ixtisaslaşmış aparıcı forum çərçivəsində keçiriləcək. Azərbaycan Konqreslər Bürosu eyni zamanda ölkəyə tanışlıq səfərləri təşkil edəcək və hədəf bazarlara öz nümayəndələrini göndərəcək. Bunlarla yanaşı Büro ilin ikinci yarısında öz İşçi Qrupunun 5-ci iclasını, payız aylarında Moskvada B2B MİCE tədbirinin keçirilməsini planlaşdırır.

Xatırladaq ki, Rəhbər Komitəsinin qarşısnda duran əsas vəzifələr Büro üzvlərinin mütəmadi iştirakını tələb edən fəaliyyətləri dəstəkləmək, müxtəlif məsələrlə bağlı rəy və təkliflər vermək, Büronun fəaliyyət strategiyasını müəyyən etmək və sıx əməkdaşlığı təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə