Binəqədi rayonunda əlillərə dəstək konserti təşkil edilib

Binəqədi rayonunda əlillərə dəstək konserti təşkil edilib

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Binəqədi rayonundakı Heydər Əliyev parkında "World Vision İnternational" humanitar təşkilatının Azərbaycan nümayəndəliyinin dəstəyi ilə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihə çərçivəsində "İncəsənətdə fəaliyyət" konsert proqramı təşkil edib. SİA-nın məlumatına görə, konsert Gənclər və İdman Nazirliyinin, Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramı və "Prayd and Joy" şirkətinin dəstəyi ilə keçirilib.

Tədbirdə AGAT-ın sədri Gülsel Səfərova konsertin təşkilinə göstərilmiş köməyə görə Binəqədi rayon icra hakimiyyətinə minnətdarlığını bildirmiş və qeyd etmişdir ki, layihənin məqsədi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyasına kömək etməkdir.

Tədbirə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüsal Quliyev son illər ölkəmizdə aparılan böyük quruculuq işlərindən söz açmış və vurğulayıb ki, Azərbaycan tolerant və zəngin tarixə malik bir ölkədir.

AGAT Avropa İttifaqının "Gənclər fəaliyyətdə" proqramını və Fransanın, Ukraynanın, Türkiyənin, Moldovanın və Rumıniyanın gənc fəallarının iştirakı ilə 10 günlük "Gənclər fəaliyyətdə 2" ("Art in action 2") layihəsini həyata keçirir.

Qeyd edək ki, konsertdə "Gənclər fəaliyyətdə 2" beynəlxalq layihəsində iştirak edən ölkələrdən nümayəndələr, eləcə də əlilliyi olan insanlar çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə