Azərbaycan yazıçısı “Dünyanın ən populyar yazarları” reytinqində
Türk dilində nəşr edilmiş kitabların əhatə etdiyi (Türkiyə, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Şimali Kipr və s. ölkələrdən ibarət) böyük kitab bazarının tədqiqi ilə məşğul olan Türkiyənin nüfuzlu 1000kitap.com saytı populyar kitabların və yazarların reytinqlərini təqdim etmək üzrə ixtisaslaşıb. SİA-nın məlumatına görə, "Ən populyar 1000 yazar" reytinqi klassik və müasir dövr Türkiyə, eləcə də xarici ölkə yazıçılarından formalaşır. İlk dəfədir ki, reytinqə azərbaycanlı yazıçının da adı daxil edilib. Bu, xarici ölkə yazıçılarının siyahısında 113-cü, ümumi siyahıda isə 338-ci yer alan Varisdir.
İlk üçlüyü Simon De Bavuar (Fransa), Elif Şafak və Reşat Nuri Güntekin (hər ikisi Türkiyə) tutan "Ən populyar 1000 yazar" reytinqində əcnəbi yazarlar arasında daha çox müasir ABŞ yazıçılarına rast gəlinir. Reytinqin ilk sıralarında Fyodor Dostoyevski, Viktor Hüqo, Con Steynbek, Jek London, Lev Tolstoy, Frans Kafka, Çarlz Dikkens, Emil Zolya, Ernest Heminquey kimi dünya şöhrətli klassik yazıçılarla yanaşı, çağdaş dövrün Xalid Hüseyni, Dan Braun, Adam Fauer, Suzanna Kollinz, Paolo Koelyo, J.K.Roulinq, Qabriel Qarsia Markes, Joze Saramoqa kimi ən populyar yazarları da yer alıb.
Nəzərinizə çatdıraq ki, Varisin İstanbulda 2013-cü ilin noyabrında "Yetmiş yeddinci gün" və "Sənə inanıram", eləcə də bu ilin martında "Son məktub" romanları işıq üzü görmüş, xüsusən, "Son məktub"un taleyi uğurlu olub. Cəmi 2 ay yarım əvvəl çapdan çıxan "Son məktub" "Ən populyar 1000 kitab" reytinqinə daxil olaraq sürətli sıçrayışla reytinqdə 182-ci yerə yüksəlib.
Qeyd edək ki, "Ən populyar 1000 yazar", "Ən populyar 1000 kitab", eləcə də 1000 kitap.com saytında təqdim edilən digər – "Ən çox oxunan yazarlar", "Ən çox oxunan kitablar" reytinqləri kitabların satış faizi, ekspertlərin qiymətləndirməsi və oxucuların rəyləri əsasında formalaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB