Ramiz Zöhrabovun 75 illik yubileyi keçirilib

Ramiz Zöhrabovun 75 illik yubileyi keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli musiqişünas alim, xalq artisti, "Şöhrət" ordenli Ramiz Zöhrabovun 75 illik yubileyi qeyd edilib. SİA-nın məlumatına görə, gecədə sənətşünaslıq doktoru R.Zöhrabovun Azərbaycan musiqi elminə verdiyi dəyərli töhfələrdən geniş söhbət açılıb.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, musiqişünas Lalə Hüseynova Ramiz Zöhrabovun Azərbaycan musiqi elmində özünəməxsus yeri olduğunu xatırladıb.

Bildirilib ki, xalq və professional musiqimizə, bəstəkarlarımızın yaradıcılığına həsr olunmuş 24 monoqrafiyanın, dərsliyin və 300-dən artıq elmi, populyar məqalənin müəllifi olan R.Zöhrabovun tədqiqatlarının başlıca obyekti muğamdır. Onun musiqi elminin bir sahəsi olan muğamşünaslığın inkişafında mühüm xidmətləri vardır. R.Zöhrabovun ilk dəfə olaraq, görkəmli xanəndələrin ifasından 100 təsnifi nota yazması və onun əsasında təsniflərin janr xüsusiyyətlərinin və musiqi dilinin təhlilini aparması, o cümlədən 9 zərbi-muğamı xanəndə və sazəndə ansamblının ifasından partitura şəklində nota yazaraq, onların nəzəri əsaslarını öyrənməsi diqqətəlayiqdir.

R.Zöhrabovun tədqiqat əsərləri digər ölkələrdə - Rusiyada, Orta Asiya ölkələrində, o cümlədən İran elmi mühitində maraqla qarşılanıb. Onun muğamın nəzəri əsasları ilə bağlı tədqiqatı fars dilinə tərcümə edilmiş, əvvəlcə hissə-hissə jurnallarda, sonra isə tam şəkildə kitab halında "Azərbaycan modal musiqisi" adı ilə nəşr olunub.

Qeyd edilib ki, R.Zöhrabovun musiqişünas kimi elmi yaradıcılığının bir qolu da təhsil və maarifçiliklə bağlıdır. Vaxtilə onun televiziyada müəllifi və aparıcısı olduğu "Bəstəkarlarımızın portreti", "Sənətə həsr olunmuş ömür", "Poeziya və musiqi", "Romans axşamı" və xüsusilə "Xalq musiqisi inciləri" silsiləsindən "Muğam sənəti haqqında", muğam dəstgahlarına həsr edilmiş verilişləri tamaşaçıların yaddaşına həkk edilib. İndiki musiqişünaslar nəslinin əksəriyyəti görkəmli alimin tələbəsi olub. R.Zöhrabov, həmçinin bir çox musiqişünasların diplom işlərinin, magistr və namizədlik dissertasiyalarının elmi rəhbəri, doktorluq dissertasiyalarının elmi məsləhətçisi olaraq onlara, öz tədqiqat metodikasını aşılamış və ardıcıllarını yetişdirib.

Qeyd edək ki, tədbirdə musiqiçilər bəstəkarın əsərlərindən nümunələr səsləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə