Muzey Mərkəzinin İncəsənət Qalereyasında Anar Hüseynzadənin "Əsatirlər danışır" adlı fərdi yaradıcılıq sərgisi açılıb. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə rəssamın müxtəlif illərdə çəkdiyi rəsmlər nümayiş etdirilir.
Sərgidə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək A.Hüseynzadənin xüsusi istedada malik gənc olduğunu vurğulamış, ona yaradıcılıq uğurları arzulayıblar.
Bildirilib ki, rəssamın təqdim etdiyi əsərlərinə baxdıqda hiss olunur ki, Anar milli ruhlu nağıllardan, bayatılardan, əsatirlərdən, oxşamalardan bəhrələnib. Diqqətə çatdırılıb ki, peşəkar rəssamlığa 2006-cı ildən başlamış istedadlı fırça ustası A.Hüseynzadənin əsərləri əsasən ağıldan çox hisslərlə dərk edilməli olan abstrak üslubda olub, müasir incəsənəti təmsil edir. Təsadüfi deyil ki, onun bir neçə əsərinə esse yazılıb.
Sonda A. Hüseynzadə sərginin ərsəyə gəlməsində ona yardımçı olmuş insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, mayın 28-dək davam edəcək sərgidə rəssamın "Abşeronda gecə", "Bağ evi", "Musiqi", "Bağçada qar", "Fəzada uçuş" və digər əsərləri nümayiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB