Göyçayda şair Zeynal Xəlilin xatirə gecəsi keçirilib

Göyçayda şair Zeynal Xəlilin xatirə gecəsi keçirilib

Göyçayda Əməkdar İncəsənət Xadimi, şair Zeynal Xəlilin 100 illik yubileyi ilə əlaqədar ədibin xatirə gecəsi keçirilib. SİA-nın məlumatına görə, təhsil və mədəniyyət işçilərinin, gənclərin, məktəblilərin iştirak etdikləri tədbirdə çıxış edənlər şair Zeynal Xəlilin həyat və yaradıcılığından söz açıblar. Bildirilib ki, Zeynal Xəlil 1914-cü ildə Gəncədə anadan olub. Onun "İstək" adlı ilk şeirlər kitabı 1936-cı ildə nəşr edilib. Böyük Vətən müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərlər yazan şairin "Qatır Məmməd" pyesinin motivləri əsasında eyniadlı film çəkilib. Zeynal Xəlilin şeirlərinə bəstələnən "Ay işığında", "Kimlər gəldi, kimlər getdi" və digər mahnılar bu gün də sevilir.

Tədbirdə gənc şairlər çıxış edərək bildiriblər ki, özünəməxsus yaradıcılıq yolu olan və müasir Azərbaycan poeziyasının tanınan simalarından biri sayılan Zeynal Xəlil zəngin mənəvi dünyaya malik bir şair idi. Maraqlı yaradıcılıq yolu, gərgin sənət axtarışları şairin qələmini gündən-günə püxtələşdirmiş, onu şeirin kəşməkəşli yollarında öz yeri, öz çəkisi olan şairlərdən biri edib. Zeynal Xəlil öz dünyası olan bir insan, maraqlı taleyi olan bir şair idi.

Diqqətə çatdırılıb ki, zaman keçdikcə, illər ötdükcə Zeynal Xəlilin poeziyası daha isti, daha şirin görünəcək. Çünki şairin yaradıcılığı insana və onun daxili aləminə hər vaxt yaxın olur. İnsan isə heç vaxt ona yaxın olanı unutmur. Sözün həqiqi mənasında Zeynal Xəlil poeziyası yaşayan poeziyadır.

Qeyd edək ki, daha sonra məktəblilər Zeynal Xəlilin şeirlərindən nümunələr söyləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə