Dirijor Mstislav Rostropoviç

Leopold və Mstislav Rostropoviçlərin Bakıdakı ev-muzeyində görkəmli violonçel ifaçısı və dirijor Mstislav Rostropoviçin vəfatının 7-ci ildönümünə həsr edilmiş "Maestroya həsr edilir" adlı anım tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə muzeyin direktoru Şeyla Heydərova, Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbirdə muzeyin direktoru Şeyla Heydərova çıxış edərək XX əsrin musiqi fenomeni adlandırılan Mstislav Rostropoviçin ömür yolundan danışıb.

Bakı Musiqi Akademiyasının professoru Zəhra Quliyeva görkəmli musiqiçinin yaradıcılıq özünəməxsusluğundan, insani keyfiyyətlərindən söz açıb: "Hər dəfə bu evə gələrkən məni qəribə hislər ağuşuna alır. Qəlbimdə xoş əhval-ruhiyyə baş qaldırır. Çünki bu evdə dünya şöhrətli bir musiqiçinin, həm də dahi bir insanın ruhu dolaşır. O, doğrudan da, bənzərsiz bir insan idi. Xüsusilə gənclərə böyük rəğbət və inamla yanaşırdı".

Çıxışlardan sonra maestronun həyatının müxtəlif anlarını əks etdirən foto-slayd nümayiş etdirilib. Qonaqlar ev-muzeyin fondundakı eksponatların sərgisi ilə də tanış olublar. Ekspozisiyada Mstislav Rostropoviçin iştirak etdiyi, o cümlədən Bakıda təşkil olunmuş konsertlərinin afişaları, proqramları və bukletləri sərgilənirdi.

Qeyd edək ki, tədbirin sonunda dirijor Cavad Tağızadənin rəhbərliyi ilə Bəstəkarlar İttifaqının nəzdində fəaliyyət göstərən "Sinfoniyetta" orkestri konsert proqramı ilə çıxış edib. Kollektivin ifasında E.Qriqin, A.Korellinin, S.Barberin əsərləri səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə