İtzhak Perlmanın konserti olub FOTOLAR

İtzhak Perlmanın konserti olub FOTOLAR

Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı, 15 "Qremmi" və 4 "Emmi" mükafatı laureatı İtzhak Perlmanın konserti olub. SİA-nın məlumatına görə, klassik musiqi gecəsi görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilib.

İtzhak Perlman Bakı tamaşaçıları qarşısında məşhur pianoçu Rohan de Silvanın müşayiəti ilə çıxış edib.

Klassik musiqi gecəsində dahi bəstəkarlar Lüdviq van Bethovenin, Rixard Ştrausun və Klod Debüssinin ölməz əsərləri təqdim olunub.

İtzhak Perlman 1945-ci ildə İsraildə doğulmuş, ABŞ-ın incəsənət sahəsində ən böyük tədris müəssisələrindən olan Culyard Məktəbində təhsil alıb. 1964-cü ildə Amerikada akademik musiqi ifaçıları arasında keçirilən nüfuzlu Leventrit Müsabiqəsinin qalibi olmuş və bu, onun gələcək karyerasına əhəmiyyətli təsir göstərib. Virtuoz skripkaçı həmin vaxtdan məşhur orkestrlərlə və solo konsertlərlə dünyanı dolaşır. İtzhak Perlman indiyədək müxtəlif ölkələrin mötəbər salonlarında, o cümlədən ABŞ-ın Kennedi Mərkəzində, bir neçə dəfə Ağ Evdə çıxış edib.

Dünya şöhrətli musiqiçi həm də dirijorluğu ilə tamaşaçıları heyran etmişdir. Nyu-York Filarmoniyası, Filadelfiya orkestrləri, Los Anceles Filarmoniyası, Çikaqo, Boston, San-Fransisko, Sent-Luis, Dallas, Hyuston, Pitsburq, Sietl, Monreal və Toronto simfonik orkestrləri ilə konsertlər vermiş, habelə Ravinia və Tanqlvud festivallarında olub.

Məşhur pianoçu Rohan de Silva Londonda Kral Musiqi Akademiyasında, ABŞ-da Culyard Məktəbində təhsil almışdır. O, 1990-cı ildə Moskvada keçirilən IX Beynəlxalq Çaykovski Müsabiqəsində ən yaxşı müşayiətçi qismində xüsusi mükafatla təltif olunub.

Rohan de Silva 1992-ci ildə Kral Musiqi Akademiyasının fəxri müxbir üzvü adına layiq görülüb. Pianoçu Yaponiyanın İşikava Musiqi Akademiyasında ümumi fortepiano üzrə ustad dərsləri keçmiş, 2000-2007-ci illərdə Perlman Musiqi Proqramında iştirak edib.

Rohan de Silva İtzhak Perlman, Pinkas Zukerman, Ço-Lianq Lin, Midori, Coşua Bel, Benni Kim, Kyoko Takezava, Vadim Pepin, Gil Şaham, Nadya Salerno-Sonnenberq və Yulian Raxlin kimi virtuoz skripka ifaçıları ilə birlikdə dünyanın çox ölkələrində çıxış edərək tamaşaçı rəğbəti qazanıb.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində dünya şöhrətli skripkaçı İtzhak Perlmanın konserti alqışlarla qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə