Bu gün Azərbaycan Dillər Universitetində İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2014-cü il tarixli sərəncamına əsasən "İlyas Əfəndiyevin dil və üslub xüsusiyyətləri" mövzusunda dəyirmi masa keçirildi. ADU-dan SİA-ya verilən xəbərə görə, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev və universitetin tələbələri iştirak edib.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev çıxış edərək ölkə Prezidentinin sərəncamına uyğun olaraq universitetdə görkəmli şəxslərin yubileyinin qeyd olunmasının silsilə şəkildə aparıldığını bildirib.
O, Azərbaycan Prezidenti İlham Əliyevin İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamı xatırladaraq bugünkü dəyirmi masanın da silsilə tədbirlərdən olduğunu vurğulayıb. Prorektor Ələddin Əliyev Azərbaycanın xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin həyat və yaradıcılığına qısa nəzər salıb. O, öz üslubu ilə hər zaman fərqlənən sənətkarın xalqımızın söz sənət nümunələrinə dəyərli töhfələr verdiyini bildirib. Teatr səhnəsinin formalaşmasında İlyas Əfəndiyev dramaturgiyasının vacib yeri olduğunu söyləyən Ə. Əliyev yazıçının bədii nailiyyətlərini ədəbiyyatımızda yeni mərhələnin inkişafına təkanverici amil kimi qiymətləndirib. Dramaturqun pyes, hekayə, roman, povest və kitablarından bəhs edən Tərbiyə işləri üzrə prorektor, professor Ələddin Əliyev yazıçının əsərlərini sevə-sevə oxunduğunu dilə gətirib.
ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının professoru Adil Babayev görkəmli dramaturq İlyas Əfəniyevin əsərlərinə müraciət edib. Yazıçının yaradıcılığından bəhs edən professor 1980-ci ildə qələmə aldığı "Xurşidbanu Natəvan" və 1986-cı ilin məhsulu olan "Şeyx Xiyabani" pyeslərini təhlil edərək pyeslərdəki cəmiyyətə ötürülən fikirləri əsərlərin incəliklərini açaraq izah edib. Professor A. Babayev İlyas Əfəndiyev yaradıcılığından, müəllifi olduğu əsərlərdən nümunələr gətirərək yazıçının dil və üslub xüsusiyyətlərindən geniş bəhs edib.
A. Babayev İ. Əfəndiyev nəsrinin, dramaturgiyasının Azərbaycan ədəbiyyatında, Azərbaycan ədəbi dilinin inkişafında, zənginləşməsində böyük rolundan da söz açıb.
Dəyirmi masa tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB