Vaqif Əliyev Anqeles Alarko Kanosanı qəbul edib

Vaqif Əliyev Anqeles Alarko Kanosanı qəbul edib

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev İspaniya Krallığının xarici işlər və əməkdaşlıq nazirinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində, nümayəndə heyətinin üzvü dünyaca məşhur "Parador" şirkətlər qrupunun prezidenti Anqeles Alarko Kanosanı qəbul edib. SİA-nın verdiyi xəbərə görə, görüşdə ölkəmizin İspaniya Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyev də iştirak edib.

Qonağı Azərbaycanda salamlayan V.Əliyev, ona ölkəmizin malik olduğu zəngin mədəni irs və turizm potensialı, eləcə də tarix və mədəniyyət abidələrinin qorunması və istifadəsi üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələr haqqında məlumat verib.

Öz növbəsində ölkəmizə səfər etməkdən məmnunluğunu ifadə edən Anqeles Alarko Kanosa rəhbərlik etdiyi şirkətin fəaliyyəti haqqında məlumat verərək, ölkələrimiz arasında mədəni irs abidələrinin istifadəsi sahəsində əməkdaşlığın yüksək potensiala malik olduğunu və bunun onlar üçün böyük maraq kəsb etdiyini vurğulayıb. Qonaq bildirib ki, "Parador" əsasən tarixi mərkəzlərdə, tarix və mədəniyyət abidələrinin daxilində yerləşən mehmanxanaları özündə birləşdirən şirkətlər qrupu olaraq fəaliyyət göstərir. Beynəlxalq brendin məqsədi mədəni irsin qorunub saxlanılması və sosial istifadəsinin genişləndirilməsidir.

Qeyd edək ki, görüşdə əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da inkişaf etdirilməsi üzrə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə