Mirzə Şəfi Vazehin əlyazmaları əldə edilib

Mirzə Şəfi Vazehin əlyazmaları əldə edilib

Prezident İlham Əliyevin 2014-cü il 3 fevral tarixli Sərəncamı ilə böyük mütəfəkkir, Avropada və Şərq dünyasında zəngin elmi, fəlsəfi və pedaqoji irsi sayəsində "Gəncəli müdrik" adı ilə tanınmış Mirzə Şəfi Vazehin 220 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsi qərara alınıb. SİA-nın məlumatına görə, bu Sərəncama müvafiq olaraq, irsi əsasən Qərbi Avropada tədqiq edilmiş görkəmli ədibin iki əsr əvvəl Almaniyaya aparılmış və müəyyən təhriflərə məruz qalmış dəyərli əlyazmalarının surətlərinin, eləcə də Mirzə Şəfi yaradıcılığının elmi cəhətdən araşdırılmasına həsr edilmiş monoqrafiyaların, kitabların onun doğma yurdu Gəncə şəhərinə gətirilməsi təşəbbüsü irəli sürülüb.

Gəncə Şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin birgə təşəbbüsü ilə M.Ş.Vazehin Avropanın mötəbər elm və mədəniyyət mərkəzlərində mühafizə edilən 20-dən çox elmi və ədəbi mövzulardakı əlyazmaları, eləcə də bu dəyərli ədibin şeir və şərqilərinə həsr edilmiş onlarla klassik musiqi əsərinin tarixi not nümunələri və yazıları Gəncəyə gətirilib.

Almaniyanın Prussiya Mədəni İrsi Mərkəzi, Berlin Dövlət Kitabxanası kimi mühüm elmi mərkəzlərindən, arxivlərindən artıq 30-dək əski Azərbaycan və ərəb əlifbası ilə yazılmış əlyazmaları, həmçinin Almaniyanın Payne şəhərində mövcud olan Mirzə Şəfi adına mehmanxananın elmi ictimaiyyət üçün indiyədək məlum olmayan fotoşəkli, eləcə də Avropada çap edilmiş və Mirzə Şəfi Vazehin həyat və yaradıcılığı ilə bağlı mühüm tarixi məlumatları özündə əks etdirən elmi və ədəbi nəşr nümunələri Gəncəyə gətirilib.

Bundan əlavə, ilk dəfə olaraq ərəb, fars və alman dillərində olan əlyazmaları, Mirzə Şəfi Vazehin müəllifi olduğu şeirlərə bəstələnmiş musiqi əsərlərinin not yazıları surətlərinin Azərbaycan dilinə tərcümə edilərək elmi ictimaiyyət və geniş oxucu kütləsinə yeni, nəfis nəşrlər şəklində təqdim edilməsi işlərinə başlanılıb.

Qeyd edək ki, hazırda AMEA Gəncə Bölməsi tərəfindən bu görkəmli mütəfəkkirin həyat və yaradıcılığı ilə əlaqədar mötəbər mənbələrə, arxiv materiallarına istinad edilməklə tarixi-etnoqrafik, filoloji səciyyəli elmi əsərlərin nüfuzlu xarici nəşrlərdə əcnəbi dillərdə çap edilməsi işləri də həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə