Qəbələdə bağlanış mərasimi keçirilib

Qəbələdə bağlanış mərasimi keçirilib

Qəbələnin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlərin bağlanış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə MDB ölkələrinin mədəniyyət və incəsənət xadimləri, bir sıra ölkələrin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və digər nüfuzlu qonaqlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Qəbələnin mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirin rəsmi hissəsində çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev bu günün rayonun həyatında əlamətdar hadisə olduğunu bildirib: "2013-cü ildə Qəbələyə "MDB-nin mədəniyyət paytaxtı" titulu Birliyə üzv dövlətlərin humanitar Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun qərarına əsasən verilib. Bu müddət ərzində Qəbələdə bir sıra beynəlxalq mədəni tədbirlər keçirilib. Azərbaycan dövləti və Heydər Əliyev Fondunun dəstəyi ilə hazırda Qəbələdə təşkil edilən mədəni tədbirlər nəinki MDB, hətta dünya mədəni irsinə böyük töhfədir. "MDB-nin Mədəniyyət paytaxtı" estafetinin 2014-cü ildə bu ada layiq görülən Qazaxıstanın Almatı və Qırğızıstanın Oş şəhərinə keçirilib".

İcra hakimiyyətinin başçısı Azərbaycanın Rusiyadakı səfiri, MDB ölkələrinin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun İdarə Heyətinin sədri Polad Bülbüloğluna, Fondun icraçı direktoru Anatoli İksanova, Qazaxıstanın Almatı şəhərinin mədəniyyət idarəsinin rəis müavini Juldız Ömərbəyova və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevə diplomlar təqdim edib.

Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edərək Qəbələnin MDB-nin mədəniyyət paytaxtı missiyasını uğurla yerinə yetirməsindən qürur duyduğunu bildirib: "Qəbələdə yaradılan müasir infrastruktur rayonda beynəlxalq əhəmiyyətli mədəni tədbirləri ən yüksək səviyyədə keçirməyə imkan verir".

Tədbirdə Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva söz alaraq qədim tarixə və gözəl təbiətə malik Qəbələnin MDB-nin mədəniyyət paytaxtı kimi mühüm nailiyyətə imza atdığını diqqətə çatdırıb: "Bu cür layihələr mədəni sahədə ölkələr və xalqlararası münasibətləri daha da genişləndirir. Onu da deyim ki, Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə Qəbələ 2014-cü ildə "Azərbaycanın əfsanələr paytaxtı" elan olunub".

Tədbirin rəsmi hissəsindən sonra maraqlı konsert proqramı təqdim edilib. Konsertdə "XXI əsrin tenorları" art-layihəsi üzvlərinin bir-birindən maraqlı ifaları tədbir iştirakçılarının əhval-ruhiyyəsini daha da artırıb.

Qeyd edək ki, sonda "Qorxma, mən səninləyəm! 1919" bədii filminin nümayişi olub. Beləliklə, Qəbələnin ötən il MDB-nin mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar rayonda keçirilən yekun tədbirlər bir daha sübut edib ki, Azərbaycanın dilbər guşələrindən biri olan bu rayon "MDB-nin mədəniyyət paytaxtı" kimi mühüm titulu layiqincə daşıyıb.

Bütün xəbərlər Facebook səhifəmizdə