Mirbəşir Seyidzadə: "Qarşıda daha 10 film çəkib təqdim etməyi planlaşdırırıq”

Mirbəşir Seyidzadə: "Qarşıda daha 10 film çəkib təqdim etməyi planlaşdırırıq”

Bu gün Heydər Əliyev mərkəzində Azərbaycan respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsində xalq qarşısında xüsusi rəşadət göstərərək öz canından keçən Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlil oğlu Xəlilovun həyat və döyüş yollarından bəhs edən "Üfüqdə atılan atəş" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, təqdimat mərasimində Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, dövlət və hökümət nümayəndələri, ölkənin aparıcı QHT-nin rəhbərləri, milli qəhrəmanların ailə üzvləri, döyüşçü dostları, media nümayəndələri və başqaları iştirak ediblər.

"Üfüqdə atılan atəş" sənədli filmi Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadənin yazdığı ssenari əsasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə çəkilib.

İlk olaraq Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə sözügedən filmin Azərbaycanın Milli Qəhrəmanı Eldar Xəlil oğlu Xəlilovun həyat və döyüş yollarından bəhs etdiyini bildirib: "Bu artıq mənim yazdığım ssenari əsasında çəkilən VIII filmdir. Onu deyim ki, gələcəkdə də Azərbaycanın Milli Qəhrəmanlarının təbliği və onları cəmiyyətə tanıdılması məqsədilə belə filmlərin çəkilməsi davam edəcək. Milli qəhrəmanımız Eldar Xəlilov göstərdiyi şücaətə və sübh çağı düşmən gülləsindən açılan atəş nəticəsində şəhid olduğu üçün filmi "Üfüqdə atılan atəş" adlandırdıq. Filmi 4 ay müddətində hazırlayıb, təhvil verdik. Qarşıda isə daha 10 filmimiz var".

Qeyd edək ki, sonda "Üfüqdə atılan atəş" sənədli filmi nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə