YUNESKO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı”na dörd element daxil edilib
YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyası davam edir. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçirilən iclasda YUNESKO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na təqdim olunan nominasiyaların müzakirəsi davam etdirilib. Xatırladaq ki, bu siyahıya ümumilikdə 11 nominasiya təklif edilib. Dekabrın 3-də keçirilən iclasda Azərbaycanın təqdim etdiyi "Çövkən - Azərbaycanın ənənəvi Qarabağ atüstü oyunu" nominasiyası və Qvatemalanın dini ayinlərlə bağlı qeyri-maddi mədəni irs nümunəsi qəbul olunub.
Dekabrın 4-də keçirilən iclasda digər nominasiyalara baxılıb. Gərgin müzakirələr və işgüzar diskussiyalar şəraitində keçən iclasda bəzi dövlətlərin təkliflərində yetərli məlumatlandırma və əsaslandırılmanın olmadığı bildirilib.
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın xalq ifaçılığı ilə bağlı müraciəti bu səbəbdən qəbul olunmayıb. Meksikanın da müraciəti ("Virikutaya ziyarət") eyni səbəblə komitədən keçməyib. Uqandanın qədim ad qoyma xalq adəti ilə bağlı nominasiya ilkin olaraq qəbul edilməsə də, sonrakı müzakirələrin gedişində bu ölkənin müraciətinə müsbət baxılıb və komitədə təsdiqlənib. Həmçinin Monqolustanın xəttatlıq sənəti ilə bağlı nominasiyası də müzakirələrdən sonra qəbul edilib.
Beləliklə, YUNESKO-nun "Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs Siyahısı"na 11 müraciətdən 4-ü - Azərbaycan, Qvatemala, Uqanda və Monqolustanın təqdim etdiyi nominasiyalar qəbul olunub.
Qeyd edək ki, bu məsələ ilə bağlı müzakirələr başa çatandan sonra YUNESKO-nun təlimatına əlavə dəyişiklər edilməsi təklif olunub. Çin, Braziliya və İspaniyanın aktiv iştirakı ilə keçən düzəliş təklifləri müzakirəsində 10-a yaxın təlimata əlavə və dəyişiklər edilib. Digər iştirakçı ölkələr tərəfindən hər hansı etiraz bildirilməyən əlavə və dəyişilər komitə tərəfindən təsdiq olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB