Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Dövlət Qulluğu və Kadrların İdarə olunması İnstitutu, Cənubi Rusiya Ali Məktəblər Assosiasiyası və Azərbaycan Turizm İnstitutunun dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan "Davamlı inkişaf mədəniyyəti sosial harmoniyanın bünövrəsi kimi: nəzəri və praktiki aspektlər" mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komitəsinin sədri Günay Əfəndiyeva, Milli Məclisin deputatı, Mədəniyyət üzrə Parlament Komitəsinin sədri Nizami Cəfərov, Millət vəkili Qənirə Paşayeva, YUNESKO üzrə Moldova Respublikası Milli Komitəsinin baş katibi Konstantin Rusnak, AMEA-nın akademiki, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəetmə Akademiyasının direktoru Urxan Ələkbərov, Rusiya Federasiyasının YUNESKO üzrə Komissiyasının məsul katibi Qriqori Ordjonikidze, media nümayəndələri və başqaları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Əbülfəs Qarayev bu cür mötəbər tədbirin keçirilməsində cənab prezident İlham Əliyevin əvəzsiz xidmətlərindən danışıb: "İlham Əliyev hər zaman Azərbaycan mədəniyyətinin inkişafında, bu sahənin təkcə ölkəmizdə deyil, bütün dünyada daha da tanınmasında bizə göstərdiyi qayğı danılmazdır. Biz çalışırıq ki, multikulturalizm siyasəti Azərbaycanda prioritet siyasət kimi həyata keçirilsin. Azərbaycanda keçirilən konfranslar buna əyani sübutdur. Cəmiyyətin inkişafı məhz davamlı inkişaf mədəniyyətinin sosial harmoniyasından asılıdır. Son illər Azərbaycanda bütün sahələrdə müşahidə olunan inkişaf məhz davamlı inkişafla bağlıdır. Əgər bir yerdə inkişaf varsa bu artıq mədəniyyətin də sürətlə inkişafının göstəricisidir. Dünya turizm etik kodeksi insanların dünyanın müxtəlif yerlərinə axışmasına baxmayaraq, etik kodekslərin riayət olunması təmin olunmalıdır. Biz cəmiyyətdə baş verənləri dünyaya çatdırmalıyıq. Əminəm ki, davamlı inkişaf öz yerini tapacaq".
Daha sonra Günay Əfəndiyeva davamlı inkişafın YUNESKO-nun hər zaman diqqətində olduğunu bildirib: "Mədəniyyətlərarası dialoq müasir dünya üçün əsas dəyərlərdəndir. Söhbət təkcə mədəni dəyərlərin bir araya gəlməsindən getmir, məhz davamlı inkişafdan gedir. Burada həmçinin "İdeyadan reallığa doğru davamlı inkişaf mərhələsi" kitabının da təqdimatı keçirilir. Burada davamlı inkişafın mədəniyyətə və cəmiyyətə təsvirləri öz əksini tapır. Artıq dünyaya da məlumdur ki, torpaqlarımızın 20%-i düşmən tapdağı altındadır. Ermənilər Azərbaycan mədəniyyətinə, abidələrinə vurduğu ağır ziyanlar da hər kəsə məlumdur. Ancaq buna baxmayaraq Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanılır. Bu da Azərbaycanın mədəniyyətə göstərdiyi diqqətin təzahürüdür".
Qeyd edək ki, sonda Milli Məclisin deputatı, Mədəniyyət üzrə Parlament Komitəsinin sədri Nizami Cəfərov, YUNESKO üzrə Moldova Respublikası Milli Komitəsinin baş katibi Konstantin Rusnak, AMEA-nın akademiki, Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəetmə Akademiyasının direktoru Urxan Ələkbərov bu günün vacibliyindən bəhs ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB