“Kukla” art qalereyasının saytının təqdimatı keçirilib

“Kukla” art qalereyasının saytının təqdimatı keçirilib

Bu gün Muzey Mərkəzində "Kukla" art qalereyasının artkukla.az internet saytının təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, Cənubi Qafqazda ilk "Kukla" incəsənət qalereyası 2013-cü il aprelin 23-də Azərbaycanda açılıb.

Tədbiri giriş sözü ilə sənətşünas Lalə Kazımova açaraq "Kukla" art qalereyasının əsas məqsədi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdən ibarət olduğunu dilə gətirib: "Buraya beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi nəzərdə tutulur. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın müxtəlif sərgi salonlarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Kukla sənəti Azərbaycanda 80-ci illərdən inkişaf etməyə başlayıb. O zamanlar kuklaya yalnız oyuncaq kimi baxılırdı. Ancaq indi kuklaya böyük sənət əsəri kimi yanaşılır. Kukla çox incə sənət olduğu üçün o mütləq layiqi yerini tutmalıdır".

Qeyd edək ki, "Kukla" art qaleriyasının ekspozisiyasında Azərbaycanı Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina kimi kukla ustalarının sənət əsərləri ilə təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə