İlham Mirzəyev şəhid ailələri ilə daha bir görüş keçirdi FOTOLAR
Tanınmış teleaparıcı, alim-psixoloq İlham Mirzəyev şəhid və itkin düşmüşlərin ailələri ilə növbəti dəfə görüşüb. SİA-ya verilən məlumata görə, bu günədək Bakının bir çox rayonlarında görüşlər keçirən teleaparıcı, bu dəfə Xəzər rayonunun Mərdəkan və Pirallahı qəsəbələrində yaşayan ailələrlə görüşüb. Alim-psixoloq 25 ailənin dərdini dinləyərək, onlarla ayrı-ayrılıqda psixoloji söhbətlər aparıb.
İlham Mirzəyev hər bir iştirakçıya kamera qarşısında dərdini danışmağa şərait yaradıb və onların ürək sözlərini Heydər Əliyev Fonduna çatdıracağına söz verib: "Dövlətimiz uşaq və qocalar evlərini yüksək səviyyədə təmir etdirib. Bu istiqamətdə atılan bütün addımlar dövlət tərəfindən göstərilən qayğının nümunəsidir. Biz əvvəllər kimsəsizlər evlərinə gedəndə, apardığımız ərzaqları böyük həvəslə qəbul edirdilər. İndi isə oradakıların heç nəyə ehtiyacı yoxdur. Mən buradakı insanların problemlərini Heydər Əliyev Fonduna çatdırmaqla, qismən də olsa onların işini asanlaşdırmağa cəhd göstərirəm. Belə məqamlarda hər şeyi dövlətdən gözləmək yerinə, bir vətəndaş olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirsək az da olsa köməklik göstərmiş olarıq".
İki ailənin probleminin təxirəsalınmaz olduğunu görən İlham Mirzəyev nəğd pulla öz yardımını göstərib.
Görüşdə maraqlı məqamlar da yaşanıb. Belə ki, bir müddət öncə ölüm xəbəri yayılan "Qızılbarmaq Fatma" adlı məşhur oğrunun görüşə gəlməsi hər kəsi şoka salıb. Görüşü təşkil edənlər onu Pirallahı qəsəbəsindən tapıb gətiriblər. Çox acınacaqlı şəkildə kiçik oğlu ilə bir otaqda kirayədə yaşayan Fatmanın görüşə gəlməyə ayaqqabısı belə olmayıb. Əfqanıstan müharibəsinin veteranı olan böyük oğlu isə, Qarabağda itkin düşüb. İlham Mirzəyev qadına yardım məqsədilə maddi vəsait ayıraraq, köməkçilərinə onu geyimlə təmin etməyi tapşırıb.
Qeyd edək ki, 25 ailənin qatıldığı tədbir, Xəzər rayonunun icra hakimiyyətinin dəstəyi ilə təşkil edilib.












Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB