“Asılmış vəziyyətdə” FOTO

Azərbaycanda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, "UNİMA"nın dəstəyilə ikinci il keçirilən "Cırtdan" II Beynəlxalq Kukla Teatrları Festıvalı 9-16 noyabr 2013-cü ildə öz işinə start verəcəkdir. Gənc Tamaşaçılar Teatrından SİA-ya verilən məlumata görə, festivala təqdim olunacaq tamaşalar rəngarəngliyi və janr müxtəlifliyi ilə bu dəfə daha maraqlı olacaq. II Beynəlxalq Kukla Teatrları Festivalında bu dəfə dünya ölkələrinin aparıcı Kukla Teatrları yalnız uşaqları deyil, böyük tamaşaçıları da maraqlandıran kukla tamaşaları təqdim edəcəklər.

Festival çərçivəsində tamaşalar Azərbaycan Dövlət Kukla Teatrının, Rus Dram Teatrının və Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq.

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, Azərbaycandakı Britaniya Konsulluğu Dövlət Gənc Tamaşaçılar Teatrında Dorset Kukla Teatrı Kompaniyasının (Böyük Britaniya) "Asılmış vəziyyətdə" tamaşasını noyabr ayının 10-da saat 14:00 və 18:00-da təqdim edəcək.

Nəzərinizə çatdıraq ki, insan hərəkətlərinin xırdalıqlarının diqqətlə izlənməsinə əsaslanan "Asılmış vəziyyətdə" yerin cazibə qüvvəsi və tarazlıq kimi adi hadisələrin tamaşaçı tərəfindən hiss olunmasına imkan yaradır. Tamaşanın gedişatında ifaçı tamaşaçının özünəməxsus qanunlara malik olan poetik və sehrli aləmə daxil olmasına nail olur.

Qeyd edək ki, sözdən istifadə olunmayan tamaşada kuklaların maraqlı hərəkətləri dinamik musiqi ilə müşaiyət olunur. Səhnə əsəri böyüklər və ümumilikdə səhnəni diqqətlə izləyə bilən hər kəs üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə