Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqasla görüşüb. Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan-Yunanıstan teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilov Azərbaycan teatrı, o cümlədən Akademik Milli Dram Teatrı haqqında ümumi məlumat verib, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, Yunanıstanın teatrları ilə daha sıx yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib.
O, Azərbaycan-Yunanıstan teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, rejissor mübadiləsinin, Azərbaycan dramaturqlarının əsərlərinin Yunanıstan teatrlarında səhnəyə qoyulmasının, həmçinin milli səhnəmizdə klassik və müasir yunan dramaturgiyası nümunələrinin təcəssümünün, müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Nəzərinizə çatdıraq ki, görüşdə həmçinin yunanıstanlı məşhur teatr rejissoru Teodoros Terzopulosun Akademik Milli Dram Teatrında tamaşa hazırlaması məsələsinin detalları müzakirə olunub. Razılaşmaya əsasən, növbəti mövsümdə Teodoros Terzopulosun Akademik Milli Dram Teatrının səhnəsində tamaşa hazırlaması planlaşdırılır.
Qeyd edək ki, görüşdən məmnun qaldığını və Azərbaycan-Yunanıstan teatr münasibətlərinin, inkişaf etdirilməsi məqsədi ilə konkret əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayan səfir Azərbaycan teatrlarının, o cümlədən Akademik Milli Dram Teatrının dünya teatrları ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq cəhdini yüksək qiymətləndirdiyini və bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB