Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev İtaliyanın Respublikamızda yeni təyin olunmuş səfiri Ciampaolo Kutillo ilə görüşüb. SİA-nın verdiyi xəbərə görə, nazir Ə.Qarayev Ciampaolo Kutillonu ölkəmizə səfir təyin olunması münasibəti ilə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulamış və bu əməkdaşlığın mövcud Azərbaycan İtaliya münasibətlərinə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı ölkələrimiz arasında mədəniyyət və turizm sahəsindəki mövcud münasibətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb. Nazir qeyd edib ki, son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə dünya mədəniyyətinin beşiklərindən biri sayılan İtaliyada təşkil olunmuş çoxsaylı mədəni tədbirlər qədim və zəngin tarixə malik Azərbaycan mədəniyyətinin İtaliyada tanınmasında əvəzolunmaz rol oynayır.
Nəzərinizə çatdıraq ki, Azərbaycan İtaliya münasibətlərinin çoxəsrlik tarixə malik olması iki xalq arasında sıx bağların formalaşmasına təsir edib. Turizm sahəsinə də böyük ümidlərin bəslənildiyini qeyd edən Nazir, İtaliya şirkətlərinin Azərbaycanda turizmə cəlb olunması üçün bu sahədə turizm şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsinə xüsusi tələbat olduğunu vurğulayıb. Səfir öz növbəsində qeyd olunan xoş sözlərə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsində maraqlı olduğunu vurğulayıb. O, həmçinin mədəniyyət və turizm sahələrində həyata keçirilən geniş potensiala malik layihələrin sayının gələcəkdə daha da artırılması zərurətinə diqqət çəkib.
Qeyd edək ki, görüşün sonunda, hər iki tərəf danışıqlardan məmnun qaldığını bildirib və ölkələrimiz arasında müvafiq sahələrdə ikitərəfli əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edəcəyinə əminlik ifadə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB