“Arşın mal alan”ın yubileyi UNESCO-da qeyd olunacaq

“Arşın mal alan”ın yubileyi UNESCO-da qeyd olunacaq

Sentyabrın 17-də UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY-un, Azərbaycanın və Qazaxıstanın UNESCO-dakı daimi nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının 100 illiyinə həsr edilmiş bayram tədbiri keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tamaşa-konsert Azərbaycanın xalq artisti, professor Ağaverdi Paşayevin bədii rəhbərliyi altında Qazaxıstanın Karaqanda Simfonik Orkestrinin müşayiəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə artistlərinin ifasında təqdim olunacaq.

Tədbir iştirakçıları "Arşın mal alan"ın 100 illiyi, eləcə də TÜRKSOY-un 20 illik fəaliyyəti ilə bağlı fotosərgi ilə tanış olacaq, operetta əsasında hazırlanmış tamaşa-konsertə baxacaqlar.
Nəzərinizə çatdıraq ki, UNESCO 2011-ci ildə "Arşın mal alan" operettasının 100 illiyini yubileylər siyahısına daxil edib.

Əsər sentyabrın 8-də ABŞ-ın Los-Anceles şəhərində ingilis dilində nümayiş olunub. Los-Ancelesin ən məşhur konsert zallarından olan "Doroti Çendler Pavilyonu"nda premyeranı 3 min tamaşaçı izləyib. Operetta bu günlərdə həmçinin Özbəkistan Dövlət Musiqili Dram Teatrında növbəti dəfə özbək dilində səhnələşdirilib.

Qeyd edək ki, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəylinin ölməz əsərinin Bakıda ilk tamaşası 1912-ci il oktyabrın 25-də olub. Musiqili komediya 1945-1965-ci illərdə ekranlaşdırılaraq Azərbaycan kinosunun inciləri sırasında yer alıb. Operetta ötən müddətdə dünyanın 30-dan çox ölkəsində səhnələşdirilib.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə