Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 86-cı teatr mövsümünə start verib. Teatrdan SİA-ya verilən xəbərə görə, sentyabrın 21-də, saat 12.00-da nümayiş etdiriləcək rus yazıçısı A.Tolstoyun eyniadlı əsəri əsasında hazırlanan "Buratinonun macəraları" mövsümün ilk tamaşası olacaq. Beynəlxalq layihə əsasında ərsəyə gəlmiş tamaşanın quruluşçu rejissoru ASSİTEJ-in baş katibi İvisa Simiç (Xorvatiya), quruluşçu rəssamı Dinka Jeriçeviç (Xorvatiya), bəstəkarı İqor Karliçdir (Xorvatiya).
Tamaşa boyu şən və xoşbəxt gələcəyin bağlı qapısının oğurlanmış və sonra da itmiş qızıl açarını əldə etmək üçün Buratino və onun dostları min bir əziyyətlə və ağlasığmaz macəralarla rastlaşır. Təbii ki, sonda xoşbəxt gələcəyə, yeni və daha gözəl teatra sahib olmaz arzusu baş tutur. Buratino və onun sadiq dostları qızıl açarla möcüzəli qapını açır və arzu etdikləri teatra – sehirli aləmə qədəm qoyurlar.
Həmin gün saat 19.00-da isə İsveç dramaturqu Lars Norenin eyniadlı pyesi əsasında səhnələşdirilən "Müharibə" tamaşası göstəriləcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadur.
16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulan səhnə əsəri milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq hər bir millətin və hər kəsin başına gələ biləcək hadisələri özündə ehtiva etdirir.
Açılışdan sonra teatrın kollektivi mövsümün ilk qastrol səfərini həyata keçirməyi nəzərdə tutur. Belə ki, qarşılıqlı mədəni əməkdaşlığa dair sazişə əsasən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 30-dan oktyabrın 2-ə dək Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında, oktyabrın 3-dən 6-dək Kalmıkiya Respublikası Milli Dram Teatrında R.Rzanın "Ana qaz", L.Nurenin "Müharibə" və P.Züskindin "Kontrabas" tamaşaları ilə çıxış edəcək.
Hazırda teatrda cari repertuarda olan tamaşaların məşq prosesi gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB