II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işini davam etdirir
Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyət və yaradıcılıq mədəniyyətlərarası etimadı necə yarada bilər?" və "Mədəniyyətlərarası dialoq üçün birgə əsas: mədəni irs və turizm" mövzularında plenar sessiyalar keçirilir. SİA-nın məlumatına görə, forumda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, mədəniyyət və yaradıcılıq xalqların bir-biri ilə sıx münasibətlər qurması üçün ilkin addımlardır: "Dünya siyasətində mədəniyyətin hər zaman xüsusi rolu var".
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser isə bildirib ki, bu təşəbbüs Azərbaycanda mədəniyyətlər arasında münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynayacaq: "İdeyalar və inamlar bizim proqram təminatına əsaslanan alətlərdən istifadə edərək qlobal sülh və əminamanlıq yaradacaq".
Latviyanın mədəniyyət naziri xanım Janet Yaunzete söz alaraq vurğulayıb ki, mədəniyyətlər arasında dəyərlər sistemi haqqında danışmaq hər birimiz üçün önəmli məsələdir: "Bütün xalqların nümayəndələri də bir-birinə qarşı mədəni davranmalıdır.Latviya öz mədəniyyəti vasitəsilə dünya xalqları ilə yaxın münasibətlər qurmaqda davam edir. Bu, mədəniyyətlərarası tolerantlığın nümunəsidir".
Litvanın mədəniyyət naziri Arunas Gelunas isə bildirib ki, mədəniyyətlərin müxtəlifliyi prinsiplərinə əsaslanmaq lazımdır, çünki bu, insanlarası münasibətlər üçün geniş imkanlar yaradır. O, həmçinin insanların və fərdlərin arasında mədəni əlaqələrin yaradılmasının mühüm olduğunu qeyd edib: "Biz qloballaşan dünyada öz mədəniyyətimizi qorumalı, bununla yanaşı digər mədəniyyətlərə açıq olmalıyıq".
TÜRKSOY-un sədri Duysen Kaseinovun sözlərinə görə, yazıçıların, mədəniyyət və incəsənət xadimlərinin keçirdikləri tədbir daima diqqət mərkəzində saxlanır: "TÜRKSOY yarananda Türkiyənin sabiq Prezidenti Süleyman Dəmirəl demişdi ki, bütün türkdilli xalqların nazirləri müstəqillik əldə edəndən sonra belə təşkilat yaratmaq istəsələr də, yalnız mədəniyyət nazirləri buna müvəffəq oldular".
Forum çıxış edənlərin fikirləri əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB