Fevralın 28-də Heydər Əliyev Mərkəzində Lənkəran Dövlət Humanitar Kolleci "Cənub bölgəsində folklor və musiqi" mövzusunda elmi-praktik konfrans keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, konfrans kollecin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirdiyi növbəti tədbirlərdən biri olub. Kollecin müəllim və tələbə heyəti, ictimaiyyət və KİV-in nümayəndələrinin qatıldığı konfransı giriş sözü ilə açan kollecin direktoru Şaban Şəfiyev cənub bölgəsinin özünəməxsus folklor mədəniyyəti, onun zənginliyi və ulu öndər Heydər Əliyevin musiqi və folklorumuzun qorunub mühafizə edilməsində əvəzsiz xidmətləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.
Kollecin musiqi şöbəsinin müəllimi, bəstəkar Zəminə Əliyeva "Musiqi və folklor nümunələrinin tərbiyəvi əhəmiyyəti" mövzusunda əsas məruzə ilə çıxış edib. Natiq cənub bölgəsində, o cümlədən Lənkəranda zəngin folklor nümunələrinin varlığından, yerli toy adətlərinin özünəməxsusluğu ilə yanaşı onları tərbiyəvi əhəmiyyətinə toxunub, bu sahədə apardığı tədqiqatdan nümunələr gətirib.
Lənkəran Dövlət Universitetinin dosenti, folklorşünas alim Yədulla Ağazadə öz çıxışında Lənkəranda hələ ötən əsrin əvvəllərində şifahi xalaq ədəbiyyatı nümunələrinin toplanması istiqamətində əməli işlər förüldüyünü, böyük maarifpərvər Teymurbəy Bayraməlibəyovun folklorumuzun toplanmasında böyük xidmətlərini qeyd edib. Natiq həmçinin ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi illərində "Şənlik" , "Halay" kimi folklor kollektivlərinin beynəlxalq aləmdə qazandığı uğurlara toxunub.
Humanitar Kollecin musiqi şöbəsinin müdiri Fikrət Kərimli, kollecin musiqi müəllimi Yaqut Əliyeva və başqaları folklor və xalq musiqisi, folklor və xalq çalğı alətləri ilə bağlı maraqlı fikirlər səsləndiriblər.
Konfransda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli konfrans iştirakçılarına Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşovun salamlarını çatdırıb və konfransın işinə uğurlar arzulayıb. Qeyd edib ki, Lənkəran Azərbaycan musiqi mədəniyyətinin inkişafında həmişə önəmli rol oynamaqla musiqi sahəsinə çoxsaylı tanınmış simalar bəxş edib
Astara Dövlət Pedaqoji Kollecinin direktoru, fəlsəfə doktoru Əlihəsən Həmzəyev konfransın aktuallığını diqqətə çatdırıb, Lənkəran və Astara kolleclərinin qarşılıqlı əməkdaşlığından söz açaraq belə tədbirlərin keçirliməsinin vacibliyini vurğulayıb.
Konfransın bədii hissəsində kollecin müəllim və tələbələrinin iştirakı ilə bir-birindən maraqlı folklor və musiqi nömrələri nümayiş etdirilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB