III Beynəlxalq Muğam Simpoziumu ərəfəsində konfrans keçirilib FOTO

III Beynəlxalq Muğam Simpoziumu ərəfəsində konfrans keçirilib FOTO

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) III Beynəlxalq muğam simpoziumu ərəfəsində "Azərbaycan muğamlarInda və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən İttifaqın sədri, xalq artisti Firəngiz Əlizadə artıq ənənəvi olaraq 2 ildən bir ölkəmizdə keçirilən beynəlxalq muğam festivalının böyük maraq doğurduğunu və bu tədbirin milli musiqi irsimizin təbliğindəki mühüm rolunu diqqətə çatdırıb.

O bildirib ki, muğam festivalı çərçivəsində təşkil edilən 3 mühüm tədbirin hər biri ayrı-ayrılıqda iştirakçıların marağına səbəb olur. Festival günlərində Azərbaycan və dünya alimlərinin iştirakı ilə Beynəlxalq muğam simpoziumu, 35 yaşadək muğam ifaçılarının müsabiqəsi və şəhərimizin əsas səhnə salonlarında yerli və xarici ölkələri təmsil edən ifaçıların iştirakı ilə konsertlər təşkil olunur: "Bu konsert proqramları zamanı musiqisevərlər Beynəlxalq Muğam Mərkəzində yeddi əsas muğamlarımızı tanınmış ifaçılarımız tərəfindən dinləmək imkanı da əldə edirlər. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının "Maqam" Tədqiqat Qrupunun birgə təşkilatçılığı ilə Bakıda keçiriləcək "Muğam aləmi" III Beynəlxalq muğam festivalı martın 11-dən 19-dək davam edəcək".

Məlumat üçün bildirək ki, festival çərçivəsində təşkil ediləcək Beynəlxalq muğam simpoziumunun mövzusu artıq məlumdur. Əsasən musiqi alətləri haqqında elmi məruzələrin dinləniləcəyi simpoziumda Azərbaycanı təmsil edəcək alimləri müəyyən etmək üçün ABİ-də 2 gün ərzində dinləmələr olacaq. Azərbaycanın 25 alimi bu simpoziumda iştirak etmək niyyətindədir. Fevralın 21-də keçiriləcək son dinləmələrdən sonra bu mötəbər tədbirdə ölkəmizi təmsil edəcək alimlərin adları məlum olacaq.

Qeyd edək ki, konfrans yanvarın 30-da öz işini davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə