“Təsəvvür edin ki, tamaşalara biletlər iki ay əvvəldən satılıb qurtarır” MÜSAHİBƏ

“Təsəvvür edin ki, tamaşalara biletlər iki ay əvvəldən satılıb qurtarır” MÜSAHİBƏ

Bu günlərdə Akademik Milli Dram Teatrının bədii-quruluş hissəsinin əməkdaşları Moskvadan qayıdıblar. Xəbər verdiyimiz kimi, beynəlxalq əlaqələri gücləndirmək, yaradıcı və texniki heyətin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə bədii quruluş hissə müdiri İlham Əsgərov, işıq sexinin müdiri Rafael Həsənov, radio sexinin müdiri Həmid Kazımzadə və butaforçu-dekorçu Samirə Həsənova Bolşoy Teatr və Y.Vaxtanqov adına Dövlət Akademik Teatrında olublar. Teatr tarixindən bildiyim və eşitdiyim qədərilə hələ bu günə qədər Azərbaycan teatrından heç kim sözügedən teatrlarla yaradıclıq mübadiləsində olmayıb. Bu mənada, Akademik Milli Dram Teatrının əməkdaşları ilə ilk cığır açan şəxslər kimi səfər barədə bir qədər söhbətləşmək qərarına gəldik. SİA-nın müsahibi Akademik Milli Dram Teatrının bədii quruluş hissəsinin müdiri İlham Əsgərovdur.

- Necə oldu ki, bu yaradıcılıq mübadiləsi baş tutdu? Ümumiyyətlə, bu ideya necə yarandı?

- Bildiyiniz kimi, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramında nəzərdə tutulan silsilə tədbirlər planında öz əksini tapan məsələlərdən biri də dünya teatr məkanına inteqrasiya, beynəlxalq əlaqələrin qurulması, gənc kadrların dünyanın qabaqcıl teatrlarında yaradıcılıq mübadiləsi və stajkeçmələrinin təmin olunmasıdır. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə artıq bir sıra teatr xadimlərimiz bu tipli yaradıcılıq mübadilələrində, stajirovkalarda (stajkeçmə) olublar. Çox sevinirəm ki, biz dünya teatr məkanında özünəməxsus yeri və çəkisiylə fərqlənən Moskva teatrlarında olmaq, onların iş prinsipi, təcrübəsi ilə tanış olmaq, eyni zamanda öz təcrübələrimizi bölüşmək imkanı əldə etdik. Moskva teatr mühiti həmişə şəxsən mənim üçün çox maraqlı olub və Moskvanın Bolşoy Teatr, Vaxtanqov adına Akademik Teatr, Satira Teatrı kimi nüfuzlu və zəngin təcrübəyə malik teatrlarının işi ilə yaxından tanış olmaq imkanını yaratdığına görə Mədəniyyət və Turizm Nazirliyinə və teatrımızın rəhbərliyinə, prodüsser şöbəsinə təşəkkürümü bildirməyi özümə borc bilirəm. Yaradıcılıq mübadiləsi zamanı çox maraqlı məqamlarla rastlaşdıq. Düşünürəm ki, bu mübadilə bizim üçün çox səmərəli və məhsuldar oldu. Moskvada olduğumuz 2 həftəyə yaxın müddət ərzində o qədər maraqlı bir prosesin içində olduq ki, təəssüratlarımızın hamısını danışmağa nə vaxt, nə də ki, bir söhbət kifayət etməz. Bildiyiniz kimi, biz Moskvada əsasən üç teatrda Bolşoy Teatrda, Vaxtanqov adına Akademik Teatrda və Moskva Akademik Satira Teatrında olduq. Xüsusən, Bolşoy Teatrla bağlı çox maraqlı yeni məlumatlar əldə etdik.

- Bolşoy Teatr haqqında teatr tarixindən az-çox məlumatımız olsa da, bu teatr haqqında bir qədər oxucularımıza məlumat verməyinizi istərdik...

- Bolşoy Teatrın tarixi 1776-cı ildən hesablanır. Teatrın ilk dəfə 1780-ci ildə inşa olunan binası o zamandan etibarən dəfələrlə yanıb, bərpa olunub. Sonuncu dəfə 2011-ci ilin oktyabrında teatrın binası 6 il davam edən əsaslı təmir-bərpa işlərindən sonra istifadəyə verilib. Bolşoy Teatrın binasının möhtəşəmliyini ifadə etmək üçün söz tapa bilmirəm. Tamaşaçı salonundakı çilçıraq 24000 elementdən ibarətdir. Teatrın tamaşaçı tutumu 1740 nəfərdir. Ən maraqlısı isə odur ki, təsəvvür edirsiniz, tamaşalara biletlər 2 ay əvvəldən satılıb qurtarır. Teatrın biletlərinin qiyməti 60 dollardan başlayır. Buna baxmayaraq, Bolşoy Teatr tamaşaçı sarıdan problem yaşamır. Teatr təmirdən sonra ən son texnika və avadanlıqlarla təmin olunub.

- Səhnə texnikası və texnologiyalarının tətbiqi baxımından Akademik Milli Dram Teatrı ilə Bolşoy Teatr arasında hansı fərqlər mövcuddur?

- Bolşoy Teatrdakı səhnə avadanlıqları ilə bizdəki texnikalar eyni firma tərəfindən hazırlanıb. Sadəcə, orada əsasən, opera və balet tamaşaları nümayiş olunduğuna görə səhnə texnikası, işıq və musiqi avadanlıqları daha mürəkkəb sistem əsasında qurulub.

- Bəs dekorasiyaların hazırlanması, səhnənin qurulması barədə nə deyə bilərsiniz?

- Bolşoy teatrda əsas binadan əlavə emalatxana da var. Bütün dekorasiyalar, kostyumlar, dülgər sexi, səsyazma studiyası və digər yardımçı sahələr emalatxanada yerləşir. Bu binada əsas səhnə ilə eyni ölçüdə olan səhnə mövcuddur. Sadəcə, tamaşaçı zalı yoxdur. Dekorasiyalar bu səhnədə quraşdırılır. Tamaşanın işıq partiturası, rekvizitlər, butaforiyalar – hər şey bu səhnədə hazırlanır, sonra hazır şəkildə əsas səhnəyə aparılır. Teatrın əsas səhnəsində quraşdırma işi aparılmır, tamaşadan sonra da dekorasiyalar sökülmür, bütöv şəkildə səhnənin altında mövcud olan məkanda saxlanılır. Beləcə, teatrda bədii quruluş hissəsinin işinin effektivliyi və sürəti xeyli yüksəlmiş olur.

– Moskva teatrlarında rekvizitlərin, butaforiyaların, səhnə geyimlərinin, qrim ləvazimatlarının və digər lazımı avadanlıqların hazırlanması texnologiyasında hər hansı yenilik tətbiq edilirmi?

– Materialların, demək olar ki, hamısı məxsusi olaraq, bu işlə məşğul olan şirkətlər tərəfindən hazırlanır. Yaradıcılıq mübadiləsində olduğumuz müddətdə şahidi olduq ki, bu teatrlarda çox yüksək keyfiyyətli və bahalı materiallardan istifadə olunur. Teatr tamaşa üçün lazım olan hər şeyi – boyaq maddələrini, parçaları, qrim və pastijor ləvazimatlarını, Avropada fəaliyyət göstərən ixtisaslaşmış firmalara sifariş edir. Tamaşalarda istifadə olunan kostyumlar da məhz bu cür firmalar tərəfindən yüksək peşəkarlıqla hazırlanır.

– Gələcəkdə bu təcrübənin Azərbaycan teatrlarında da tətbiq olunması ehtimalı varmı?

– Təbii ki, bu cür iş prinsipi teatrın işini xeyli asanlaşdıra, tamaşaların səhnə tərtibatının keyfiyyətini yüksəldə bilər. Biz haqqında danışdığımız firmalarla müəyyən əlaqələr qura bildik. Yaxın gələcəkdə bu firmalarla müəyyən danışıqlar aparmaq mümkün olsa, bəzi ləvazimatları sifariş etmək niyyətindəyik.

– Etiraf edək ki, biletlərinin iki ay öncədən satıldığı teatrlarda tamaşalara baxmaq elə də asan deyil. Moskvada hansı tamaşalara baxa bildiniz?

- Həqiqətən də, biletlərin hamısının satıldığına görə çox tamaşalara baxmaq imkanından məhrum olduq. Məsələn, Bolşoy Teatrın simvolik tamaşalarından olan "Qu gölü" baletinə baxmağı çox istəsək də, bu bizə nəsib olmadı. Amma Bolşoy Teatrın "Turandot" (libretto C.Adami, R.Simoni, quruluşçu rejissor Françeska Zambella), Satira Teatrının "İdeal qətl" (quruluşçu rejissor Andrey Jitinkin), Y.Vaxtanqov adına Teatrının "Madmazel Nituş" (Bəstəkar F.Erve, quruluşçu rejissor – Vladimir İvanov) tamaşalarına baxdıq. Hər üç tamaşa həm bədii səviyyəsi, həm də texniki imkanları baxımından son dərəcə maraqlı səhnə əsərləri idi.

- Necə düşünürsünüz, Azərbaycan teatrlarının Moskva teatrları ilə əməkdaşlıq əlaqələri gələcəkdə də davam etdiriləcəkmi?

- Əlbəttə, əslində, məqsədimiz elə bundan ibarətdir. Bildiyiniz kimi, son illər ərzində Akademik Milli Dram Teatrının beynəlxalq əməkdaşlıq əlaqlərinin qurulması istiqamətində xeyli iş görülüb. Xarici qastrol səfərləri, festivallarda iştirak, qarşılıqlı pyes, rejissor və aktyor mübadiləsi, yaradıcılıq mübadilələri və milli teatr sənətimizin dünya teatr məkanına inteqrasiyasına xidmət edəcək bu tipli layihələrin gerçəkləşdirilməsi teatrımızın fəaliyyətinin prioritet istiqamətlərindəndir. O ki qaldı, konkret olaraq, Moskva səfərimizə, orada qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi haqqında bir sıra görüşlərimiz, müzakirələrimiz oldu. Bu yaradıcılıq mübadiləsi geniş və uzunmüddətli bir layihənin başlanğıcıdır. Gələcəkdə də Moskva və Bakı teatrları arasında həm bədii-yaradıcı, həm də texniki məsələlərlə bağlı birgə layihələrin keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə