ABİ-də IX qurultayın yekunları müzakirə olundu

ABİ-də IX qurultayın yekunları müzakirə olundu

Dekabrın 14-dən 18-dək Bakıda Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti, IX qurultayı olub. Bu gün Azərbaycan Bəstəkarlar İttifaqında qurultayın yekunlarına həsr edilən dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə də çıxışında bildirib ki, bu gün Bəstəkarlar İttifaqı Azərbaycanda ən nüfuzlu təşkilatlardan biridir: "Bu nüfuzu yüksəltmək üçün ittifaq tərəfindən mühüm işlər görülmüş və bir sıra layihələr həyata keçirilib. Azərbaycan musiqisini beynəlxalq miqyasda tanıtmaq, onu dünya səhnələrində səsləndirmək və zəngin mədəniyyətimizi təbliğ etmək istiqamətində görülən işlər bunu bir daha sübut edir".

Sədr həmçinin proqramın çox zəngin olduğunu xatırladıb və bu günlər ərzində musiqiçilərin həqiqətən də tədbirlərdən yararlandığına inandığını deyib. Tədbirdə o da bildirilib ki, qurultay çərçivəsində ölkənin bir sıra mədəniyyət salonlarında Azərbaycanın görkəmli bəstəkarlarının əsərlərindən ibarət müxtəlif janrlarda rəngarəng konsert proqramları təşkil edilib. Yekun konsert isə bu axşam Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında olacaq.

Rusiya Bəstəkarlar İttifaqının üzvü, Sankt-Peterburq Bəstəkarlar İttifaqının katibi Aleksandr Radviloviç isə çıxışında vurğulayıb ki, qurultay çərçivəsində baş tutan bütün konsertlər uğurla baş tutub.

Qeyd edək ki, qurultayda Türkiyə, Ukrayna, Rusiya, Gürcüstan və digər ölkələrdən qonaqlar iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə