Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Los Ancelesdəki nüfuzlu UCLA universitetinin Schoenberg Zalında muğam konserti keçirilib. SİA-nın verdiyi xəbərə görə, konsert Baş Konsulluğumuzun təşəbbüsü ilə elan edilərək "Kaliforniyada Azərbaycan Muğamı Ayı" çərçivəsində təşkil olunub.
Konsert NASA tərəfindən 1977-ci ildə kosmosa göndərilmiş Voyager uçuş aparatlarına Azərbaycan muğamının da daxil edilməsinin 35-ci ildönümünə həsr edilib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulu Nəsimi Ağayev yubiley konsertini açaraq, Azərbaycan muğamının özəlliklərindən, ümumbəşəri önəmindən və onun Voyager Qızıl Valına daxil edilməsindən bəhs edib. Diplomat ölkəmizdə muğam ənənələrinin qorunub-saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə verilən yüksək dəyərdən danışaraq, Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın muğamın həm ölkədə, həm də xaricdə təbliği sahəsində böyük işlər gördüyünü qeyd edib.
Sonra vaxtilə Voyager uçuş aparatlarının istehsal olunduğu, NASA-nın Los Anceles yaxınlığında yerləşən, bu yaxınlarda Marsa yeni özüyeriyən aparat göndərməklə daha da məhşurlaşmış Jet Propulsion Laboratory elmi mərkəzinin direktoru, ABŞ-da və dünya kosmik elmində yüksən nüfuz sahibi Dr. Çarlz Elaçi çıxış edib. Dr. Elaçi Voyager aparatları barədə ətraflı məlumat verərək, Azərbaycanın gözəl muğam musiqisinin Qızıl Vala daxil edilməsini əlamətdar hadisə kimi dəyərləndirib.
Çıxışlardan sonra konsert proqramı başlayıb. Fitri istedadlı gənc xanəndələr Aytən Məhərrəmova, Vüsalə Musayeva və İlkin Əhmədov, eləcə də mahir instrumentalistlər İmamyar Həsənov (kamança), Elşən Qasımov (nağara) və Rüfət Həsənovun (tar) ifa etdikləri rəngərəng muğam parçaları tamaşaçıların zövqünü oxşayıb, onların gurultulu və ayaqüstü alqışları ilə qarşılanıb. Konsertdə 500 nəfərdən çox tamaşaçı iştirak edib.
Qeyd edək ki, konsertdən bir neçə gün öncə bəzi yerli erməni təşkilatları "UCLA kimi çox nüfuzlu bir universitetdə muğam konsertinin keçirilməsini cəsarətlənmiş Azərbaycanın siyasi bəyanatı" kimi qiymətləndirərək, Facebook vasitəsilə erməniləri buna etiraz etməyə çağırıb. Ancaq konsert günü Schoenberg Zalının qarşısında bir qrup erməni etiraz aksiyası keçirərək diqqəti özlərinə cəlb etməyə cəhd göstərsə də, konsert iştirakçılarının etinasızlığı, bəzi tamaşaçıların isə kəskin etirazı ilə üzləşiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB