Ukraynalı rejissor Bakıda nəyə hazırlaşır?

Ukraynalı rejissor Bakıda nəyə hazırlaşır?

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin məşhur "Canni Skikki" operasının premyerası keçiriləcək. Bu tamaşa dünyanın ən məşhur teatrlarının repertuarına daxildir.

Teatrdan SİA-ya verilən məlumata görə, tamaşanın quruluşunu həyata keçirməzdən əvvəl Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən tamaşanın not materiallarının İtaliyadan gətirilməsi üçün xüsusi iş aparılıb. Tamaşaya Ukraynadan dəvət edilən tanınmış və istedadlı opera rejissoru Nikolay Tretyak quruluş verir. N.Tretyak bundan əvvəl teatrımızın səhnəsində P.Maskanyinin "Kənd namusu", S.Raxmaninovun "Aleko", V. A. Motsartın "Hamı belə edir",C.Puççininin "Boqema" operalarına quruluş verib.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın əməkdar incəsənət xadimi Yalçin Adıgözəlov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir.

Tamaşada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov, əməkdar artistlər- İnarə Babayeva, Gülnaz İsmayılova, Əkrəm Poladov, gənc solistlərdən Fəridə Məmmədova, Anton Ferştandt, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Əsədova və Cahangir Qurbanov iştirak edəcəklər.

Qeyd edək ki, adıçəkilən opera ilk dəfə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində 14 dekabr 1918-ci ildə tamaşaya qoyulub. İtaliyada isə ilk quruluşu 1919-cu il yanvarın 11-də həyata keçirilib. Tamaşanın premyeraları böyük uğurla baş tutub və elə o vaxtdan bu tamaşa dünya opera səhnəsinin ən parlaq inciləri sırasına daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə